Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 48 ölkəyə 18 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın dekabr sayında məlumat verilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə çox və 6 milyon ABŞ dolları (25 %) azdır.
“Azərkosmos”un 11 ayda xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,2 milyon ABŞ dolları ilə Böyük Britaniya, 3,7 milyon ABŞ dolları ilə Lüksemburq, 1,5 milyon ABŞ dolları ilə BƏƏ, 959,4 min ABŞ dolları ilə Almaniya və 675,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
Təkcə noyabrda isə “Azərkosmos” 44 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 10 ölkə az və 0,5 milyon ABŞ dolları (21,7 %) azdır.