Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") missiyasını vaxtından 1 il əvvəl başa çatdırmış "Azersky" peykinin kiberhücumun qurbanı olub-olmaması məsələsinə aydınlıq gətirib.
Qurumun İdarə Heyətinin sədri Saməddin Əsədov "Report"a açıqlamasında bildirib ki, Azərbaycanda peyk sahəsində qorunma yüksək səviyyədədir.
“Bununla bağlı iddialar kosmik sahədən məlumatı olmayan insanların fikridir. Hazırda peyk sahəsində qorunma elə bir səviyyədədir ki, kiberhücum ümumiyyətlə müzakirə mövzusu deyil. Bu, birmənalıdır. Biz bəyanatda qeyd etdiyimiz kimi, peyklə əlaqənin kəsilməsinin səbəbi onun kiçik ölçülü meteorit və ya kosmik tullantı ilə toqquşmasıdır. Artıq bununla bağlı göstəricilər də var və toqquşma faktını təsdiq edir. Sığortaçılar da bu faktı qəbul ediblər”, - deyə o qeyd edib.
“Azərkosmos” rəsmisi adıçəkilən peyklə yenidən əlaqə qurula bilinməməsinin səbəbini də açıqlayıb: “Peyklə rabitə qurulması üçün onun enerjisi olmalıdır. Meteorit yaxud kosmik tullantı onunla toqquşduqda peykin enerji sistemini sıradan çıxarıb, faktiki olaraq rabitə qurmaq üçün enerji yoxdur”.