“Azercell Telecom”un xalis mənfəəti 6 % artıb

İKT
  • 11 may, 2023
  • 13:58
“Azercell Telecom”un xalis mənfəəti 6 % artıb

“Azercell Telecom” MMC 2022-ci ili 128,839 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 6,3 % çoxdur.

Ötən il “Azercell Telecom”un əməliyyat gəlirləri 531,822 milyon manat (əvvəlki ilə nisbətən 8,1 % çox), əməliyyat xərcləri 362,528 milyon manat (5,5 % çox), maliyyə gəlirləri 1,354 milyon manat (2,3 dəfə az), maliyyə xərcləri 1,096 milyon manat (31,73 % çox), digər gəlirləri 1,854 milyon manat (10,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 42,567 milyon manat (56,91 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azercell Telecom”un aktivləri 1 020,182 milyon manat olub ki, bu da illik müqayisədə 12,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,3 % azalaraq 187,385 milyon manata, balans kapitalı isə 16,3 % artaraq 832,797 milyon manata çatıb.

Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin əsas səhmdarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-dir.