Azərbaycanla Rusiya arasında “e-CMR” pilot layihəsinin işə salınma müddətləri müəyyənləşib
- 27 may, 2025
- 14:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Rusiya arasında elektron qaimə “e-CMR”nin tətbiqi üzrə pilot layihəsinin 2025-2026-cı illərdə həyata keçirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu "Beynəlxalq Nəqliyyat Dəhlizləri Direksiyası" MQT-nin beynəlxalq nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması departamentinin baş mütəxəssisi Vladimir Korostılyov Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.
"Kağız üzərində tərtib edilən CMR qaiməsindən elektron versiyaya keçid iki əsas məqsəd ilə müşayiət olunur: sənədin məzmununun rəqəmsal formaya çevrilməsi və onun hüquqi əhəmiyyətinin təmin edilməsi. Sonuncu elektron imza vasitəsilə əldə edilir", - V.Korostılyov izah edib.
Onun sözlərinə görə, mütəxəssislərin hesablamaları göstərir ki, “e-CMR”nin tətbiqi ixrac prosedurlarının vaxtını 24-44 %, xərcləri isə 17-31 % azalda bilər.
"Bu pilot layihəsinin texniki vəzifələrinə kağız üzərində tərtib edilən CMR-nin hüquqi əhəmiyyətli elektron sənəd "e-CMR" ilə əvəz edilməsi, sənədin rəqəmsal transformasiyası üçün “UN/CEFACT e-CMR D22A” beynəlxalq standartının tətbiqi, müxtəlif ölkələrdə yerləşən daşıma iştirakçıları tərəfindən "e-CMR"nin ayrı-ayrı bölmələrinin imzalanması üçün “XAdES” beynəlxalq standartının tətbiqi, "etibarlı üçüncü tərəf" mexanizmindən istifadə etməklə xarici dövlətlərin elektron imzalarının yoxlanılması üçün sınaq zonasının yaradılması və s. daxildir", - V.Korostılyov əlavə edib.
O bildirib ki, layihənin razılaşdırılması bir neçə gün əvvəl baş tutub: “Növbəti addım lazımi sənədlərin imzalanması və təşəbbüsün praktiki həyata keçirilməsinə başlanması olacaq”.