Azərbaycanın mobil operatoru zərərli tullantıları 4 dəfə azaldıb

İKT
  • 07 may, 2024
  • 08:24
Azərbaycanın mobil operatoru zərərli tullantıları 4 dəfə azaldıb

“Azercell Telecom” 2022-ci ildən 2023-cü ilə qədər zərərli tullantıları 4 dəfəyə kimi azaldıb.

“Report” xəbər verir ki, bunu "Azercell Telekom" MMC şirkətinin Hüquq, Etika və Komplayns üzrə Baş Direktoru Şirin Əliyeva illik ESG (ekologiya, sosial və idarəetmə) hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, aparıcı mobil operatoru olduqları üçün tullantıların çox ola biləcəyinə dair fikirlər ola bilər: “Bu hesabatdan da görünür ki, tullantıların azaldılması istiqamətində ciddi nəticələr əldə olunub. Bu, bizim ictimaiyyət qarşısında götürdüyümüz məsuliyyətin icra tədbiridir”.

O qeyd edib ki, mobil operator olaraq batareyalardan çox böyük həcmdə istifadə edilir: “Əsas prioritetimiz onların təkrar emalıdır. Sumqayıtda yerləşən bir sıra müəssisələrlə biz bu istiqamətdə əməkdaşlıq edirik. Digər mühüm istiqamət istifadə etdiyimiz suyun təkrar emalı ilə bağlıdır”.

Ş. Əliyeva bu yöndə görülən işlərdən danışarkən diqqətə çatdırıb ki, şirkətin istifadə etdiyi sular təkrar emaldan sonra onlara məxsus nəqliyyat vasitələrinin yuyulmasında istifadə edilir.

O bildirib ki, “Azercell Telecom”un ekologiya sahəsində əsas inkişaf istiqamətləri suyun emalı, tullantıların emalı, elektrik enerjisinə qənaət və SƏTƏM-lə (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) bağlıdır: “O ki qaldı ESG-nin digər komponenti olan sosial məsələlərə burada əsas prioritetlər müxtəlif istiqamətlərdə insan kapitalına yatırımlar, idman, qadınlara dəstək və sair daxildir. Korporativ idarəetmədə isə məncə ən böyük nailiyyət kimi elə bu hesabatın dərc olunmasını qeyd edə bilərik”.

Son xəbərlər

Bütün Xəbər Lenti