​Azərbaycanın ilk "Tier III" səviyyəli regional DATA mərkəzinin sertifikatlaşdırma mərhələsinə başlanılır

​Azərbaycanın ilk "Tier III" səviyyəli regional DATA mərkəzinin sertifikatlaşdırma mərhələsinə başlanılır Məlumat mərkəzlərinin iş fəaliyyətinin 100 faizlik əmsal üzrə 99,982% etibarlılığı təmin olunacaq
İKT
10 Avqust , 2015 20:35
​Azərbaycanın ilk Tier III səviyyəli regional DATA mərkəzinin sertifikatlaşdırma mərhələsinə başlanılır

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanın ilk "Tier III" səviyyəli regional DATA mərkəzi (Məlumatların Emalı və Saxlanılması Mərkəzi - MESM) oktyabrın 10-dək istismara veriləcək. DATA mərkəzlərin sertifikatlaşdırılması sahəsində ixtisaslaşan ABŞ-ın “Uptime” İnstitutunun mütəxəssisləri avqustun 24-dən sertifikatlaşdırma mərhələsinə başlayacaq və bu proses təxminən bir həftə davam edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, bu sertifikat prosesin dəqiqliklə icra olunduğunu, mərkəzin fəaliyyət keyfiyyətini təsdiqləyən beynəlxalq sənəddir. Sertifikatın əldə olunmasını zərurətə çevirən başqa amil də var. Belə ki, beynəlxalq operatorlar trafik mübadiləsi zamanı DATA mərkəzlərin “Uptime” İnstitutunun müəyyənləşdirdiyi meyarlara cavab verməsini əsas tələb və mütləq şərt kimi irəli sürürlər.

DATA mərkəzin ümumi enerji istifadəsi 2 meqavat, sahəsi isə 1000 kvadratmetrdir. İlkin mərhələdə, rəflərin sayı 200 olacaq. Məlumatların saxlama həcmi 30 petabayt, ötürülmə sürəti isə 10-100 GE (Gigabit Ethernet) təşkil edəcək.

Layihənin icrasında əsas hədəf MESM-i regional informasiya mərkəzinə çevirməkdir. Azərbaycanda "Tier III" səviyyəli MESM-in mövcudluğu regional bazarda marağı olan beynəlxalq operatorlar, o cümlədən ABŞ, Fransa, Almaniyanın tanınmış telekommunikasiya operatorları üçün səmərəli şərait yaradacaq. Eyni zamanda, regional mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlbinə xidmət edəcək. Bundan başqa, DATA mərkəzin bank və digər maliyyə qurumları tərəfindən istifadə olunması üçün tələb edilən PCİ DSS standartının tətbiqi reallaşacaq.

Mərkəzdə bütün istehlakçıların məlumatları - ən sadə məlumatdan daha mürəkkəbinə qədər, məlumatların həcmi və kateqoriyasından asılı olmayaraq, eyni dərəcədə - yüksək səviyyədə mühafizə olunacaq. Ehtiyatlılığın təmin edilməsindən başqa, biometrik nəzarət sistemindən başlayaraq təhlükəsizlik sensorları və fiziki nəzarət sensorları daxil olmaqla altı pilləli təhlükəsizlik sistemi yaradılacaq. Azərbaycan qanunvericiliyinə uyğun olaraq məlumatların toxunulmazlığına dair tam zəmanət verilir.

Son xəbərlər

Orphus sistemi