Azərbaycanın daha 11 bankı "Visa"nın təmassız ödənişlər təşəbbüsünə qoşulacaq
- 06 yanvar, 2022
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan qlobal ödəmə sistemi olan “Visa”nın "B2B Connect" həllini tətbiqi üzrə 90-a yaxın ölkənin daxil olduğu CEMA (Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika) regionunda birinci yerdə qərarlaşıb.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
"Lakin Azərbaycandakı biznesin ödəniş texnologiyalarından ümumi istifadəsi hələ "Visa" tərəfindən gözlənilən səviyyəyə çatmayıb", - məlumatda deyilir.
“Visa” elan edib ki, Azərbaycanda Kiçik və Orta Biznesin (KOB) nağdsız ödənişlərə və rəqəmsal texnologiyaya keçidini dəstəkləyir. Hazırda “Kapital Bank” və “Expressbank” ASC-lər “Visa”nın yeni layihəsinə qoşulub və şirkət hesab edir ki, ölkədə yeni tətbiq edilən “Apple Pay” təmassız ödənişlərin həcmini artıracaq.
“Visa”nın regional meneceri Kristina Doros deyib ki, şirkət rəqəmsal banklar sahəsində ölkə ilə əməkdaşlığı davam etdirir və KOB-ları nağdsız hesablaşmalara keçidinə inandırmaq üçün maliyyə texnologiyası tərəfdaşları ilə fəal işləyir. Onun sözlərinə görə, Azərbaycanda daha 11 bankın "Visa"nın təşəbbüsünə qoşulacağı və ölkə daxilində təmassız ödənişləri həyata keçirəcəyi gözlənilir.
“Apple Pay”lə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanda 26 bank fəaliyyət göstərir.