Azərbaycandakı müəssisələrin proqram təminatı və İKT avadanlıqları üzrə xərcləri açıqlanıb
- 08 avqust, 2024
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda müəssisələrin proqram təminatı və İKT avadanlıqları üzrə xərcləri 298,5 milyon manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2022-ci ilin göstəricisindən 54,1 milyon manat və ya 22 % çoxdur.
Cəmi xərclərin 132,1 milyon manatını (bir əvvəlki göstəricidən 28,1 % çox) proqram təminatı üzrə, 74,8 milyon manatını (9,8 % çox) texniki dəstək üzrə, 41,1 milyon manatını (14,8 % çox) internet şəbəkəsinə qoşulmaq üçün, 33,6 milyon manatını (34,4 % çox) İKT avadanlıqları üzrə, 7,8 milyon manatını (2,5 dəfə çox) əməkdaşların təlimi və yeni tətbiqlərin öyrənilməsi üzrə, 6,3 milyon manatını (20,3 % az) texniki vasitələrlə məlumatlandırma (SMS və digər), 2,8 milyon manatını (2 dəfə çox) digər sistemlərin hazırlanması (video konfrans, çağrı mərkəzi, xidməti terminallar və s.) üzrə xərclər təşkil edib.
Proqram təminatı ilə bağlı xərclərin 103,7 milyon manatı (31,6 % çox) lisenziyalar üzrə, 28,4 milyon manatı (16,9 % çox) tətbiqi proqram təminatlarının hazırlanması üzrə xərclərdən ibarət olub. Lisenziyalar üzrə xərclərin 68,1 milyon manatını (42,2 % çox) əməliyyat sistemləri üzrə, 1,8 milyon manatını (2 dəfə çox) verilənlər bazaları üzrə, 5,1 milyon manatını (25 % az) proqramlaşdırma alətləri üzrə, 28,7 milyon manatını (23,7 % çox) digər proqram təminatları üzrə xərclər təşkil edib.
Texniki dəstək üzrə xərclərin 28,3 milyon manatını (19,4 % çox) texniki avadanlıqların dəstəklənməsi üzrə, 24,4 milyon manatını (7 % çox) sistem proqram təminatlarının dəstəklənməsi üzrə, 22,1 milyon manatını (2,3 % çox) isə tətbiqi proqram təminatlarının dəstəklənməsi üzrə xərclər təşkil edib.
İKT avadanlıqları üzrə xərclərin 12 milyon manatı (14,3 % çox) istifadəçilər üçün nəzərdə tutulmuş texniki avadanlıqlar üzrə, 16 milyon manatı (63,3 % çox) server avadanlıqları üzrə, 3,5 milyon manatı (20,7 % çox) şəbəkə avadanlıqları üzrə, 2,1 milyon manatı (16,7 % çox) İKT təhlükəsizliyi avadanlıqları üzrə xərclərdən ibarət olub.