Azərbaycanda startaplara dair meyarlara yenidən baxılmalıdır

Azərbaycanda startaplara dair meyarlara yenidən baxılmalıdır Son illər Azərbaycanda müxtəlif qurumlar innovativ layihələrin, startapların dəstəklənməsinə xüsusi önəm verməyə başlayıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində startaplara vergi güzəştlərinin tətbiqi, Kiçik və Orta Biznesin İnkişafı Agen
İKT
27 Yanvar , 2021 17:32
Azərbaycanda startaplara dair meyarlara yenidən baxılmalıdır

Son illər Azərbaycanda müxtəlif qurumlar innovativ layihələrin, startapların dəstəklənməsinə xüsusi önəm verməyə başlayıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində startaplara vergi güzəştlərinin tətbiqi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən startap sertifikatının təsdiqi, həmçinin bir sıra aidiyyəti qurumların yaradılması bu addımlar sırasındadır.

Dünyada və ölkəmizdə startap hərəkatının geniş vüsət aldığı bir dövrdə Azərbaycanda dövlət qurumlarının və biznesin hansı addım atmalı olduğu ilə bağlı məsələləri "Report" İKT mütəxəssisi Elvin Abbasovla müzakirə etdi.

- Bir neçə il öncə sizin milli alternativ internet resursların yaradılması ilə bağlı hökumətə təklifiniz olub. Vacib bildiyiniz bu layihənin icrası üçün nə qədər vəsait lazımdır?

- Bəzi layihələr biznes məqsədlidir. Ona investisiya qoyan şirkət rəhbərləri, investorlar var. İnanılır ki, bu şəbəkə bir neçə ildən sonra uğur qazanacaq və gəlirliyə keçəcək. Amma bəzi layihələr var, onlar zəruridir. Artıq həmin layihələri dövlətin bəzi qurumlarına təklif edəndə bilmək lazımdır ki, onlar həmin vaxt üçün nəticə verməyə bilər. Burada gələcəyi görməyi bacaran insanlar lazımdır ki, onlar həmin alternativlərin yaradılmasını gələcək üçün olduğunu anlasınlar. Bunun üçün dövlətin bir çox rıçaqı var. Misal üçün, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM), “Azintelekom” kimi tabeli qurumları var. Hansı ki, “Azintelekom”un müasir bulud sistemi mövcuddur. Bu layihələrin bir hissəsini də sahibkarlar yaxud vətəndaşlar maliyyələşdirib alternativləri yarada bilərlər. Bir daha təkrar edirəm ki, bu sosial və gələcəyə hədəflənmiş layihədir.

Əgər biznes layihə kimi nəzərə alınsa, Azərbaycanda daha qısamüddətli və tez bir zamanda səmərə verəcək layihələr çoxdur.

Azərbaycanda bir çoxları daha qısa müddətə və mənfəətə hədəfləndiyi üçün onlar pandemiya yaxud müharibə şəraiti kimi ekstremal şəraitləri nəzərə almırlar. Adətən layihələr qısa müddətli perspektiv üçün seçilir və məqsəd maksimum tez bir zamanda qazanc əldə etməkdir. Amma bizdə bəzi layihələr var ki, onlar qarşıdakı 10-15 il müddətinə nəzərdə tutulur və qısa müddətdə qazanc əldə etməyə hədəflənməyib.

- Maraqlıdır ki, İsrailin əhalisi və ərazisi Azərbaycandan bir neçə dəfə azdır. Amma bu ölkə innovasiyaya, uğurlu startaplara görə, dünyada ikinci yerdədir. Azərbaycanda isə az qala hər bir qurumun startaplara dəstək verən ayrıca strukturu var. Bəzən insanlar qeyd edir ki, startapların vahid mərkəzdən idarə edilməməsi ölkəmizdə effektivsizliyə gətirib çıxarır. Bu iddialar nə qədər doğrudur yaxud biz niyə İsrail kimi ola bilmirik?

- Burada əlavə bir neçə nümunə də çəkə bilərik. Niderland kimi kiçik bir ölkə bu gün ABŞ-la kənd təsərrüfatı sahəsində rəqabət aparır. Amma ərazi baxımından ABŞ-dan 100 dəfədən çox kiçikdir. Həmçinin bu kiçik ölkə su səviyyəsindən aşağı, ərazisinin 20 %-dən çoxu dənizin qurudulması hesabına artan və torpaqlarının da çoxunun keyfiyyətinin o qədər də yüksək olmadığı ölkədir. Amma onlar kənd təsərrüfatı sahəsində inqilabi yeniliklər ediblər. Hazırda onların istifadə etdiyi traktor və digər texnikalarını insan deyil, süni intellekt idarə edir. Məhz onların etdikləri 4-cü sənaye inqilabının bariz nümunəsidir.

Bu gün Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin özünün bir fondu var və onlar startaplara dəstək verir. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi, “Asan Xidmət”in “İnnoland”i, İqtisadiyyat Nazirliyinin belə 4 müxtəlif qurumu var. Hesab edirəm ki, bunların mərkəzləşməsi lazım deyil. Çünki onların öz mütəxəssisləri qurumun inkişafına dəstək verəcək startaplar üçün qərar verməlidir. Amma biz mərkəzi platforma ilə koordinasiyasının hazırlanması haqqında düşünmüşük. Hökumətə bu barədə təkliflərimizi vermişik. Hazırda bir layihə hazırlayırıq. Biz startap ölkəsi olmaq üçün bu ideyaların başında duran insanların vizyonu daha uzunmüddətli perspektivlərə fokuslanmalıdır. Biz xalq olaraq qısamüddətli perspektivləri sevirik. Bir iş görəndə, layihə reallaşdıranda sevirik ki, ən tez bir zamanda uğur əldə edək. Amma uğurlu layihələr uzun perspektivdə olur. Ölkə olaraq Azərbaycan beynəlxalq proseslərdə aktiv iştirak edir. Düşünürəm ki, startaplarda da daha ciddi uğur əldə etmək üçün meyarlarımıza yenidən baxmalıyıq. Əgər belə layihələrimiz olsa dövlət də birdəfəlik yardım yaxud loqistik dəstək verə bilər.

Son xəbərlər

Orphus sistemi