Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanın mobil rabitə xidmətləri bazarında fəaliyyət göstərən operatorların işində qüsurlar aşkarlanıb. "Report"un məlumatına görə, bunu Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının bu gün Bakıda keçirilən toplantısında iştirak edən rabitə və yüksək texnologiyalar nazirinin I müavini İltimas Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
"Amerikanın monitorinq aparan şirkətlərindən biri Azərbaycana test üçün dəvət olunub. Mobil operatorların xidmətlərinin keyfiyyəti ilə bağlı Bakının mərkəzi küçələrində və qəsəbələrində araşdırmalar aparılıb. Operatorların bir-birinə yığımlar təşkil etməsi, internetin sürəti və mesajlaşmada qüsurlar aşkar olunub. Bu qüsurlar Azərbaycanda hər üç operatorda ayrı-ayrı sahələrdə müəyyən olunub", - deyə İ.Məmmədov vurğulayıb.
Nazir müavini həmçinin qeyd edib ki, qüsurların aradan qaldırılması məqsədilə operatorların hər birinə nazirlik tərəfindən xəbərdarlıq olunub.
Qeyd edək ki, hazırda Azərbaycanda "Azercell, "Bakcell" və "Azerfon" şirkətləri mobil rabitə xidmətləri göstərir.