Azərbaycanda milli süni intellekt strategiyasının hazırlanması üçün yol xəritəsi tərtib olunub.
"Report" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusundakı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda süni intellekt satınalmaları layihəsinin təqdimatı keçiriləcək:
"Rəqəmsal ticarət sahəsində ilk əməkdaşlığımız qardaş Türkiyə ilə baş vermişdi. Hazırda digər ölkələrlə də rəqəmsal ticarət sahəsində əməkdaşlığın qurulması istiqamətində tədbirlər görülür. Əşyaların interneti sahəsinin inkişafı üzrə kiçik və orta sahibkarlarımız Dünya İqtisadi Forumun müvafiq sorğularında iştirak edib. Bu sahənin inkişafı ilə bağlı keçiriləcək tədbirlərin siyahısı müəyyənləşdirilib və gələcəkdə bu istiqamətdə işlər planlaşdırılır".
T.Tağıyev vurğulayıb ki, ölkə üçün rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanması və təsdiq olunması ilə bağlı hökumət çərçivəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrupu yaradılıb:
"Beynəlxalq məsləhətçi şirkətin cəlb olunması ilə strategiyanın hazırlanmasına başlanılıb. Həmin strategiya rəqəmsallaşma prosesinin tənzimlənməsi üçün faydalı olacaq. Burada həm rəqəmsal infrastrukturun təmin olunması istiqamətində tədbirlərin müəyyənləşdirilməsi, yüksək internetin həm əhatəsinin genişləndirilməsi, həm də dayanıqlı və əlçatan olması nəzərdə tutulub".