Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsin rəsmi internet səhifəsi olan "
"Report" xəbər verir ki, beynəlxalq təcrübəyə uyğun şəkildə hazırlanmış bu sayt şəffaflığın artırılması, əlçatanlığın təmin edilməsi, rəqəmsallaşmanın genişlənməsi, rəqabətliliyin və istifadəçi məmnuniyyətinin artırılması istiqamətində mühüm rol oynayacaq.
Məlumata görə, ilk dəfə olaraq, saytın istifadəçiləri "Digital login" (Sima Rəqəmsal İmza, Asan İmza, SİMA Token (Elektron imza), İdentifikasiya nömrəsi, BSXM elektron imza) vasitəsilə şəxsi kabinet yaradaraq hərraca çıxarılmış lotlara baxa biləcəklər.
Bildirib ki, sifarişçilər (alıcılar) şəxsi kabinetlərinə daxil olduqdan sonra hərrac prosesində iştirak etmək üçün "Hərraca keçid" etməlidirlər.
Başqa bir yenilik olaraq, sifarişçilər şəxsi kabinetləri vasitəsilə prosedurları yerinə yetirə, etibarnamə verə, lotlara baxa, hərracda onlayn iştirak edə, sifarişlərin gedişatını izləyə, iştirak növünü (onlayn/oflayn) seçə, qalib müəyyən olunmuş lotlar barədə məlumat əldə edə və digər xidmətlərdən yararlana biləcəklər.
Qeyd edilib ki, yenilənmiş sayt dizayn, məzmun və funksionallıq baxımından əvvəlki versiyadan üstünlükləri ilə fərqlənir. Sayt hazırlanarkən istifadəçi rahatlığı, məxfilik və təhlükəsizlik prinsiplərinə xüsusi önəm verilmiş, müasir texnologiyalardan istifadə olunub.
Saytda hərrac elanları, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatlar, o cümlədən fotoşəkillər, ilkin hərrac qiyməti, beh məbləği və digər məlumatlar yerləşdirilib.
Bundan əlavə, hərraclarda iştirak üçün müraciətlər və beh ödənişləri onlayn şəkildə həyata keçirilir. Hərracın sonunda satılmayan və satılan əmlaklar barədə məlumatlar portalda yenilənir.
Alıcılar yeni istifadəyə verilmiş sayt vasitəsilə ilkin olaraq nəqliyyat vasitələri, gələcəkdə isə səhmdar cəmiyyətlərinin səhm paketləri, kiçik dövlət müəssisələri, müsadirə edilmiş əmlaklar, faydalı qazıntı yataqları, bələdiyyə torpaqları və digər əmlaklar üzrə də sifarişlərini elektron qaydada verə biləcəklər.
Fiziki və hüquqi şəxslər isə qanunvericilikdə müəyyən edilmiş hallarda daşınar və daşınmaz əmlaklarını müqavilə əsasında hərraca çıxara bilərlər. Bunun üçün Hərracların Təşkili Mərkəzinə müraciət etmələri tələb olunur.
Foto: Vüqar Xanlarov