Hazırda Azərbaycanda istifadəçilərin 80,56 %-i kompüterlərində “Windows” əməliyyat sistemlərindən istifadə edir.
“Report” bu barədə veb trafikini analiz edən “StatCounter”a istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanlı istifadəçilərin 5,93 %-i kompüterlərində “Apple Inc” şirkətinin “OS X” əməliyyat sistemindən, 8,57 %-i “Linux” əməliyyat sistemindən, 4,9 %-i isə digər əməliyyat sistemlərindən istifadə edir.
Qeyd edək ki, dünya ölkələrinin demək olar ki, hamısında istifadəçilər kompüterlərində əsasən “Windows” əməliyyat sistemindən istifadə edir.
Region ölkələrindən Türkiyədə kompüterlərin 82,34 %-i, Rusiyada 85,78 %-i, İranda 89,96 %-i, Ermənistanda 95,41 %-i, Qazaxıstanda 85,48 %-i, Gürcüstanda 83,6 %-i, Türkmənistanda isə kompüterlərin 85,34 %-i “Windows” əməliyyat sistemindən istifadə edir.