Azərbaycanda elektron hökumətin qurulmasında müəyyən çətinliklər var

Azərbaycanda elektron hökumətin qurulmasında müəyyən çətinliklər var Nazir Əli Abbasov: "Bu sahənin elektronlaşdırılmasında hələ də problemlər qalır"
İKT
4 Dekabr , 2014 12:40
Azərbaycanda elektron hökumətin qurulmasında müəyyən çətinliklər var

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda informasiya texnologiyaları sahəsi sürətlə inkişaf etsə də, elektron hökumətin qurulmasında müəyyən çətinliklər var.

"Report"un xəbər verdiyi kimi, bunu bu gün Bakıda keçirilən "Elektron dövlət quruculuğu problemləri" I respublika elmi-praktiki konfransında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: "Azərbaycan hər il beynəlxalq reytinq agentliklərinin siyahılarında irəliləyir, lakin bununla kifayətlənmək lazım deyil. Bu ilin sonunadək ölkədə "Elektron Hökumət" portalının funksionallığının, e-xidmətlərin çeşidinin və keyfiyyətinin artması ilə yanaşı, e-xidmətlərdən istifadə sayı 6 mln.-a çatacaq".

"Portala 45 dövlət qurumu qoşulub və 386-dan çox elektron xidmət inteqrasiya edilib. Lakin bu sahənin elektronlaşdırılmasında hələ də problemlər qalır", - deyə nazir alavə edib.

Ə.Abbasov həmçinin qeyd edib ki, elektron hökumət quruculuğu sahəsində "Hər evə optika" layihəsi çərçivəsində genişzolaqlı internet xidmətləri ilk növbədə əhalinin sosial
müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinə əlçatan olmalıdır. Nazir bu layihənin reallaşdırılmasının eyni zamanda kiçik və orta sahibkarlığın da inkişafına təkan verəcəyini bildirib.

"2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 100 Mbit/saniyə, digər iri şəhər və rayon mərkəzlərində 30 Mbit/saniyə, qəsəbə və kənd yerlərində 10 Mbit/saniyə və daha çox
sürətlə internetə genişzolaqlı çıxış təmin ediləcək", - deyə nazir vurğulayıb.

Azərbaycanda elektron hökumət quruculuğu sahəsində əldə olunan nailiyyətlər, habelə qarşıda duran vəzifələrdən danışan Ə.Abbasov qeyd edib ki, "smart hökumət" layihəsi bunlardan biridir: "Yəni, idarətetmə prinsipləri mərkəzi dövlətdən əhaliyə doğru yönəlir. Həmçinin, yaxın zamanlarda EGOV 3.0 layihəsi istifadəyə veriləcək. Bu istiqamətdə elmi tədqiqatlara da böyük ehtiyac var", - deyə nazir açıqlayıb.

Son xəbərlər

Orphus sistemi