Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı” keçirilib.
"Report" xəbər verir ki, tədbir ”2023-cü il - Heydər Əliyev ili” çərçivəsində Xidmətin tədbirlər planına uyğun olaraq hazırlanıb və 7 fevral – Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunub.
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin sahə üzrə təcrübə mübadiləsinə və informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunan tədbirdə 73 dövlət qurumu iştirak edib.
Toplantını giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general–mayor Allahverən İsmayılov iştirakçıları salamlayaraq, Beynəlxalq Təhlükəsiz İnternet gününün Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayının 7-sində qeyd olunduğunu bildirdi. Təşəbbüsün əsas məqsədinin internetdən təhlükəsiz istifadə edilməsini təbliğ etmək və mövcud təhdidlərə qarşı dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirmək olduğunu vurğuladı.
Daha sonra zirvə toplantısında XRİTDX-ın idarə rəisi Tural Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” adlı təqdimatında dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmini istiqamətində görülən işlərdən, qarşısı alınmış kiberhücumlardan, yeni kibertəhdidlər və onlarla effektiv mübarizə üçün atılmış addımlardan, dövlət qurumlarının informasiya təhlükəsizliyi istiqamətindəki fəaliyyətinə aid qiymətləndirmə meyarlarından və statistik göstəricilərindən danışdı. O, həmçinin tədbir iştirakçılarına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının istifadəsi üçün hazırladığı yeni platformalar - kibertəhdidlərlə daha effektiv mübarizə üçün qurulmuş yeni nəsil SOC sistemi, yeni elektron poçt xidməti və onun imkanları, genişlənən və dayanıqlılığı artırılan "AzStateNet" şəbəkəsi, mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün "wetransfer" alternativi yaradılan yeni "share.gov.az" xidməti və Avropanın "Open CSIRT Foundation" təşkilatı ilə birgə işlənmiş "SİM3" layihəsi barədə məlumat verdi.
“PaloAlto Networks” şirkətinin region üzrə meneceri Kurşad Demirsoy, Milli Məclis İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı baş idarəsinin baş mütəxəssisi Bayraməli Nəzərov Active Directory istifadəsi zamanı müəssisələrdə ortaya çıxa biləcək təhlükəsizlik riskləri və onlarla mübarizə təqdimatlarla çıxış etdilər.
Tədbir yeni təhdidlər, onların həll yolları və dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə başa çatdı.