Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın ilkin internet provayderi olan “Delta Telecom” şirkətinin statistikasına görə, 2014-cü ilin noyabr ayında ölkəyə daxil olan beynəlxalq internet trafikinin həcminin kəskin artımı müşahidə olunub. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Məlumata görə, ölkəyə daxil olan internet trafikinin maksimal həcmi son bir ayda 3,4% artaraq 145 Gbit/s təşkil edib.
Bu, Azərbaycana 2014-cü il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstərici 48,3% artıb.
Ölkənin çıxış trafikinin maksimal həcmi isə hesabat ayında 16,7% artaraq 30 Gbit/s səviyyəsində olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 40% artıb.