Azərbaycan bu il yenidən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) 4-cü strateji istiqaməti olan "Texnika və texnologiya" sahəsinə rəhbərlik edəcək.
“Report” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu barədə qərar adıçəkilən təşkilatın Direktorlar Şurasının martın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş növbəti iclasında qəbul edilib.
Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin də təmsil olunduğu iclasda ölkəmizdən Xidmətin idarə rəisi Tural Məmmədov və bölmə rəisi Murad Balayev iştirak edib.
İclasda 2023-cü il fəaliyyət planı üzrə görülmüş işlər müzakirə olunub, yeni üzvlərin qəbulu məsələsi səsverməyə çıxarılıb, CERT quruculuğu zəif olan İƏT ölkələrinə texniki dəstək və quruculuq işlərində yardım məsələləri ilə bağlı təkliflər dinlənilib.