Bakı. 4 mart. REPORT.AZ/ “Azərkosmos” ASC Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2"-nin və əlaqədar yerüstü avadanlıqların satın alınmasına dair açıq tender keçirir. “Azərkosmos” ASC-dən "Report"a verilən məlumata görə, bununla əlaqədar telekommunikasiya peyk istehsalçıları tenderdə iştiraka dəvət olunur.
Qeyd edək ki, tenderin əsas şərtlər toplusu Azərbaycan və ingilis dillərində tərtib olunub.
Tenderdə iştirak etmək üçün müraciət edənin göstəriciləri satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı, satınalma müqaviləsinin icrasını təmin etmək üçün qeyd edilmiş (və bu tenderin əsas şərtlər toplusu ilə daha ətraflı müəyyən edilmiş) müvafiq sahədə peşəkar və təcrübəli olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı, vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə icra vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər martın 13-dək Bakı vaxtı ilə saat 18:00-a qədər tenderdə iştirak etmək üçün yazılı müraciət, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi və konfidensiallıq haqqında müqavilənin imzalanmış əslini (belə sənəd olmadıqda, müqavilə layihəsinin formasını elanın sonunda qeyd edilən şəxslərə müraciət edibəldə etmək olar) təqdim etməlidir. Bundan sonra isə aşağıdakı sənədlər Tender Prosedurasının başlanmasına ən azı 7 bank günü qalmış təqdim edilməlidir: şirkətin tam adı, hüquqi statusu, rekvizitləri, təsis olduğu ölkənin səlahiyyətli dövlət orqanında qeydiyyata alınmış nizamnaməsi (bu olmadıqda isə, digər ekvivalent sənədi) şirkətin Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) və ya Ümumi Qəbul Edilmiş Mühasibat Uçotu Prinsipləri (GAAP) əsasında hazırlanmış kənar audit hesabatı və ən sonuncu il üzrə maliyyə hesabatları.
Tenderdə iştirak haqqı 20 min ABŞ dolları təşkil edir və heç bir halda geri qaytarılmır.
Tender təklifinin qüvvədə olma müddəti 180 gün təşkil edir. Müqavilə üzrə işlər 2017-ci ilin sonunadək tamamlanmalıdır: yerüstü avadanlıqların quraşdırılması ən geci 2017-ci ildə tamamlanmalı və ən geci 2017-ci ilin sonunadək peyk kosmodroma göndərilməyə hazır vəziyyətə gətirilməlidir. Tender təkliflərinin seçilməsi hər bir tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində, maliyyə, texniki, ixtisas meyarları əsasında, habelə Ku- və Ka- radiotezlik zolaqlarında geostasionar orbitdə istismar olunan telekommunikasiya peyk və əlaqədar yerüstü avadanlıqlardan ibarət peyk sistemlərinin istismara verilməsi sahəsində təcrübəsi nəzərə alınaraq seçiləcək.
Tender təklifi və bank zəmanəti aprelin 22-dək “Azərkosmos”a (Azərbaycan, Bakı, AZ1000, Ü.Hacıbəyli küçəsi,72, V mərtəbə) təqdim edilməlidir. Tender proseduru aprelin 23-də saat 11:00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında başlayacaq.
Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə müraciət etmək lazımdır.