Azərbaycan Yaponiya və Niderlanddan smartfon alışını bərpa edib

İKT
  • 01 mart, 2024
  • 04:02
Azərbaycan Yaponiya və Niderlanddan smartfon alışını bərpa edib

Ötən il Azərbaycan 334,35 milyon ABŞ dolları dəyərində 1 milyon 267 min ədəd smartfon idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 240 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 67 % çoxdur) 921 min 623 ədəd (+36 %), Vyetnamdan 68 milyon ABŞ dolları dəyərində (+5,3 %) 266 min 990 ədəd (-17 %), Hindistandan 22 milyon ABŞ dolları dəyərində (-39 %) 74 min 520 ədəd (-47 %), Amerika Birləşmiş Ştatlarından 2,41 milyon ABŞ dolları dəyərində (+50 dəfə) 2 min ədəd (+38 dəfə), Honkonqdan (Çinin xüsusi inzibati rayonu) 1,1 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 873 ədəd (-49 %) cihaz alıb.

Azərbaycan 7 il 10 aylıq fasilənin ardından Niderlanddan (46,33 min ABŞ dolları dəyərində 108 ədəd) və 7 il 6 aylıq aradan sonra Yaponiyadan (118 min ABŞ dolları dəyərində 110 ədəd) tədarükü bərpa edib.