Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın II iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraqın rabitə naziri Arkan Al-Şeybani ilə görüş keçirib.
"Report"a daxil olan məlumata görə, görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərə, o cümlədən İKT sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
Bu səfərin mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüş zamanı rəqəmsal transformasiya və innovativ inkişafın Azərbaycan Hökumətinin gündəliyində duran prioritet məsələlərdən olduğu diqqətə çatdırılıb.
Sonda nazir R.Nəbiyev həmkarına beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində ölkəmizin mövqeyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.