Azərbaycan və Gürcüstan sərhəddə COVID-19 pandemiyası ilə mübarizəni müzakirə edib

Azərbaycan və Gürcüstan sərhəddə COVID-19 pandemiyası ilə mübarizəni müzakirə edib Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin rəis müavini Namiq Məmmədov Gürcüstanda işguzar səfərdə olublar.
İKT
11 Dekabr , 2021 15:51
Azərbaycan və Gürcüstan sərhəddə COVID-19 pandemiyası ilə mübarizəni müzakirə edib

Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım və Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin rəis müavini Namiq Məmmədov Gürcüstanda işguzar səfərdə olublar.

"Report" xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilir ki, DGK Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Gürcüstan Gəlirlər Xidmətinin Beynəlxalq Əlaqələr Departamentinin müşaviri Tamara Buxraşvili, Gömrük Departamentinin sanitar, fitosanitar və baytarlıq nəzarəti şöbəsinin rəis müavinləri Nino Çikaşua və Şalva Braçuli ilə görüşüb, eyni zamanda nümayəndə heyətinin Gürcüstanın Azərbaycan Respublikası ilə dövlət sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postuna səfəri təşkil edilib.

Görüş zamanı sərhəddə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dair Gürcüstan tərəfindən təqdimat nümayiş etdirilib. Təqdimatda Gürcüstan Milli Xəstəliklərə Nəzarət Mərkəzi və onun iş prinsipi, habelə vaksinasiya olunmuş və PCR testindən keçmiş şəxslərə dair vahid baza haqqında məlumat verilib. Sərhəddə DGK-nın Tibbi Xidmət İdarəsinin nümayəndələrinə Gürcüstan tərəfində yerləşdirilən xüsusi təhlükəli infeksiyalara yoluxma şübhəsi olan şəxslər üçün nəzərdə tutulan, beynəlxalq standartlara cavab verən izolyator nümayiş etdirilib.

Səfərin ikinci günü Tibbi Xidmət İdarəsinin əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında olublar. Limanda rəhbər nümayəndələr ilə görüş keçirilib, COVID-19 pandemiyası ilə mübarizəyə dair görülən işlər, karantin tədbirləri, sərnişinlərin COVID-19 yoluxmasına şübhə yarandığı halda görülən tədbirlər barəsində məlumat verilib.

Səfərin sonunda Tibbi Xidmət İdarəsinin əməkdaşları Gürcüstan Gəlirlər Xidmətinin Beynəlxalq Əlaqələr Departamentinin rəisi Samson Uridia və Xidmətin Beynəlxalq Gömrük Əməkdaşlığı şöbəsinin rəisi Mindia Qrdzelidze ilə görüşərək səfər barədə təəssüratlarını bölüşüb, təşkilatçılığa görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, səfər Türkiyənin İzmir şəhərində imzalanmış "Türkiyə Respublikasının, Azərbaycan Respublikasının və Gürcüstanın gömrük xidməti rəhbərləri arasında görüşün Protokolu"nun müddəalarında öz əksini tapan əməkdaşlığın genişləndirilməsi çərçivəsində dövlət sərhədində sanitar-epidemioloji nəzarətinin beynəlxalq təcrübəyə əsasən təşkilinin öyrənilməsi və təcrübə mübadiləsi məqsədi ilə təşkil edilib.

Xatırladaq ki, səfər çərçivəsində DGK Tibbi Xidmət İdarəsinin nümayəndə heyətini Azərbaycan Respublikasının Gürcüstan Səfirliyinin gömrük məsələləri üzrə attaşesi Fuad Qasımov müşayiət edib.

Son xəbərlər

Orphus sistemi