Bu il Azərbaycan tələbələrinin ilk "cubesat" (kub formasında) peykinin kosmosa çıxarılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, akademiyanın cəmi 6 aydır fəaliyyət göstərməsinə baxmayaraq, artıq 8 beynəlxalq layihə icra olunur: "Mövcud fiziki akademiyamızın rəqəmsal forması yaradılır. Rəqəmsal Akademiyanın məqsədi türk dövlətlərindən olan tələbələri alimləri kosmik sahədə əməkdaşlığa cəlb etməkdir. Artıq Qazaxıstan, Özbəkistan, Türkiyə olmaqla tükr dövlərindən olan 21 universitetlə əlaqə qurmuşuq".
Hədəflərinin beynəlxalq kosmik təhsil məşvərət şurasına üzv olmaq olduğunu vurğulayan İ. Muxtarov artıq 3 fazalı müzakirələrin bitdiyini və onların indi uğurlu cavab gözlədiklərini diqqətə çatdırıb.
"632 elmi məqalə ilə bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək Astronavtika konqresində ölkəmiz ABŞ-dən sonra 2 yerə sahib olub. Türkiyə də daxil olmaqla bütün bu regionda kosmik akademiyalar mövcud deyil. Akademiyamızın məqsədi Azərbaycanın kosmik sənaye gücünü dünyaya təcrübə mübadiləsi ilə tanıtmaqdır", - deyə o qeyd edib.
Foto: Məhəmməd Ağayev



