Azərbaycan startapları son bir ildə 2,2 milyon ABŞ dolları investisiya cəlb edib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində bildirib.
Onun sözlərinə görə, 2023-2024-cü illərdə nazirlik yanında İnnovasiya və Rəqmsal İnkişaf Agentliyinin dəstəklədiyi 20 inkubasiya və akselerasiya proqramına 600-dən çox komanda müraciət edib, 165 minimal işlək məhsulu olan startap ərsəyə gəlib: "Qarşıdakı illərdə hədəf aktiv innovativ layihələrin sayını 500-ə çatdırmaqdır".
"Bununla yanaşı, texnopark rezidentlərinin sayı 96-ya yüksəlib. Onlara müəyyən üstünlük və 10 il müddətində güzəştlər tətbiq edilir. Belə ki, sistem inteqrasiyası və yaxud proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergilərindən azad olunurlar. Əlavə olaraq xarici şirkətlərin burada fəaliyyət göstərmələri üçün heç bir iş icazəsi də tələb olunmur. Bütün bunlar şirkətlərin fəaliyyətini maliyyə baxımından daha əlverişli edir və investisiya risklərini azaldır", - deyə nazir müavini qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda startapların maliyyə resurslarına çıxış imkanları da genişləndirilib: "Caucasus Ventures" vençur kapital fondunun təsis edilməsi bu sahədə müstəsna rol oynayıb. Fond indiyədək 19 startapa 1,5 milyon ABŞ dolları dəyərində investisiya edib".