​Azərbaycan Moskvada Regional Rabitə Birliyinin iclaslarında iştirak edəcək

​Azərbaycan Moskvada Regional Rabitə Birliyinin iclaslarında iştirak edəcək Ölkənin nümayəndə heyəti tədbirlərdə məruzələrlə çıxış edəcək
İKT
2 May , 2015 13:52
​Azərbaycan Moskvada Regional Rabitə Birliyinin iclaslarında iştirak edəcək

Bakı. 2 may. REPORT.AZ/Azərbaycan nümayəndə heyəti mayın 8-də Moskvada keçiriləcək Regional Rabitə Birliyinin (RRB) iclaslarında təmsil olunacaq. Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti RRB-nin rabitə administrasiyalarının 50-ci Rəhbərlər Şurasının birgə iclasında və MDB ölkələrinin informasiyalaşdırma üzrə Əlaqələndirmə Şurasının 21-ci iclasında iştirak edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin "Report"a verdiyi məlumata görə, tədbirdə rabitə sahəsi üçün vacib olan məsələlər üzrə əməkdaşlıq imkanları, informasiya cəmiyyətinin inkişafında MDB ölkələrinin tərəfdaşlıq strategiyasının yerinə yetirilməsi və s. məsələlər müzakirə olunacaq.

Eyni zamanda, RRB-nin normativ sənədlərinə əlavələrin və dəyişikliklərin edilməsi daxil olmaqla bir sıra digər daxili məsələlər üzrə qərarlar qəbul ediləcək.

Tədbir çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin Böyük Vətən müharibəsinin qalibiyyətinin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov, şöbənin əməkdaşı Toğrul Hüseynov, İnfrastrukturun inkişafı şöbəsinin müdiri Mirheydər İsmayılov, şöbənin poçt sektorunun rəhbəri Novruz Məmmədov, Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov, Beynəlxalq əlaqələr və hesablaşma mərkəzinin direktoru Cəlil Cəfərov daxildirlər.

İclaslarda Novruz Məmmədov Azərbaycanda poçt sektorunun inkişafı, Faiq Fərmanov isə "Transsərhəd məkanda elektron təhlükəsizliyin təmin edilməsi" mövzusunda məruzələrlə çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi