Azərbaycanın internet bazarına ölkəmizi beynəlxalq internet şəbəkəsinə bağlayan 3-cü magistral (Backbone) internet provayderi daxil olur.
“Report”un hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, bu səlahiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" MMC-yə verilməsi üçün işlər aparılır.
“Report”un sorğusuna cavab olaraq “Aztelekom”dan bildirilib ki, hazırda mümkün imkanlar araşdırılır:
“Ölkədə telekommunikasiya sahəsində sağlam rəqabətin təmin edilməsi üçün fərqli operatorların fəaliyyət göstərməsi vacib amildir. “Aztelekom” MMC olaraq, bazarda müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsində maraqlı olmaqla bərabər, hazırkı dövrün yüksək texnologiyaların tətbiq edilməsi üçün mümkün imkanları dəyərləndiririk. Mövcud müştəri tələblərinin qarşılanması üçün uzunmüddətli inkişaf strategiyamızda bu imkanlardan yararlanmağı hədəfləyirik”.
Qeyd edək ki, “Aztelekom” MMC ölkə üzrə fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətlərini göstərir.
Hazırda Azərbaycanda “Delta Telekom” və “AzerTelecom” MMC-lər “Backbone” internet provayderidir.