Azərbaycan daha bir ölkədən smartfon tədarük etməyə başlayıb
- 04 noyabr, 2023
- 06:36
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 206,2 milyon ABŞ dolları dəyərində 803 min 927 ədəd smartfon idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 140,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % çoxdur) 555 min 770 ədəd (+22 %), Vyetnamdan 48,12 milyon ABŞ dolları dəyərində (+1,1 %) 191 min 572 ədəd (-18 %), Hindistandan 17,2 milyon ABŞ dolları dəyərində (-25 %) 55 min 862 ədəd (-43 %), Amerika Birləşmiş Ştatlarından 179,44 min ABŞ dolları dəyərində (+10 dəfə) 185 ədəd (+12 dəfə), Çexiyadan 113,53 min ABŞ dolları dəyərində 122 ədəd (bir il əvvəl tədarük olmayıb) cihaz alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən (1,79 min ABŞ dolları dəyərində 10 ədəd) tədarük həyata keçirilib.