Azərbaycan “Azerspace-2” peyki üçün sığortaçı axtarır

İKT
  • 09 avqust, 2023
  • 11:29
Azərbaycan “Azerspace-2” peyki üçün sığortaçı axtarır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) “Azerspace-2” peykinin sığortalanması xidmətləri üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 450 manat təşkil edir.

İddiaçılar ilkin sənədləri avqustun 29-u, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə sentyabrın 6-sı, saat 16:00-a qədər “Azərkosmos”un Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 7-si, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

2022-ci ilin oktyabr ayında "Azərkosmos”un “Azerspace-2” peykinin sığortalanması ilə bağlı keçirdiyi tenderin qalibi "Qala Sığorta" ASC olub. "Azərkosmos" qalib şirkətlə məbləği 865,3 min manat olan müqavilə imzalayıb. Müqavilə müddəti bir ildir və sentyabrın 26-da bitir. Sığorta olunmuş əmlakın dəyəri 81 milyon ABŞ dolları olub, hazırda isə 82 milyon ABŞ dollarıdır.

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki. "Azerspace-2" ABŞ-nin Space Systems Loral (SSL) şirkəti tərəfindən inşa olunub. “Azerspace-2” 26 sentyabr 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılıb. Onun istismar müddəti azı 15 il nəzərdə tutulur. “Azerspace-2” peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. "Azerspace-2" həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti