Azərbaycan Avropadan Asiyaya internet trafikinin daşınması missiyasını üzərinə götürə bilər

Azərbaycan Avropadan Asiyaya internet trafikinin daşınması missiyasını üzərinə götürə bilər Rəqəmsal İpək Yolu layihəsinin həyata keçirilməsi regionda rəqəmsal iqtisadiyyatın və xidmətlərin inkişafına gətirəcək
İKT
1 Aprel , 2021 11:57
Azərbaycan Avropadan Asiyaya internet trafikinin daşınması missiyasını üzərinə götürə bilər

Azərbaycanın "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupu Gürcüstanın böyük telekommunikasiya şirkətlərindən olan “Caucasus Online” şirkətinin sahibi olub. Qeyd edək ki, “Caucasus Online" şirkətinin alınması, 2018-ci ildə başlanan və Rəqəmsal İpək Yolu (Digital Silk Way) kimi tanınan "NEQSOL Holding"in daha genişmiqyaslı beynəlxalq layihəsinin bir hissəsidir. Layihə Avropanı Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi və Cənubi Asiya bazarları ilə birləşdirən müasir tranzit fiber-optik infrastruktur şəbəkəsinin inkişafına yönəlib. "Caucasus Online" Avropadan Cənubi Qafqaza və Xəzər dənizi bölgəsinə tranzit İnternet çatdırılmasını təmin edən Qara dənizin dibi ilə keçən sualtı fiber-optik kabel xəttinin sahibidir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Report”a açıqlamasında Rəqəmsal İpək Yolu layihəsinin region ölkələri üçün faydalarından danışıb:

"Ermənistan tərəfi də Gürcüstan hökumətinə təsir etməyə çalışır, çünki internetin 80 %-ni bu xətt vasitəsilə alır"

Osman Gündüz

Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru

“Gürcüstan hökuməti Qara dənizin dibi ilə keçən optik kabel xəttinə malik "Caucasus Online" şirkətinin mühüm əhəmiyyət daşıdığını hesab edir və onun geri alınmasına çalışır. Lakin, Gürcüstan internetə tələbatını təkcə bu xətt ilə deyil, həmçinin digər kabel xətləri ilə ödəyir. Qara dənizin dibi ilə keçən bu xətt 15 ilə yaxın müddətdə xeyli köhnəlib. "NEQSOL Holding" tərəfindən yeni investisiyalar isə infrastrukturun yenilənməsi və inkişafı üçün geniş imkanlar yaradır və bu Gürcüstan üçün də böyük faydalar gətirəcək. Gürcüstan tərəfi hesab edir ki, Cənubi Qafqazda rəqəmsal mərkəzə çevrilmək istiqamətində üstünlüyünü itirir. Lakin, məhz Rəqəmsal İpək Yolu layihəsi üzrə əməkdaşlıq sayəsində Gürcüstan daha böyük fayda əldə edə bilər, çünki beləliklə onlar Mərkəzi və Cənubi Asiya bölgəsinə çıxış əldə edirlər".

Onun sözlərinə görə, regionda yeni reallıqlar sayəsində yaxın gələcəkdə alternativ marşrut da (Zəngəzur dəhlizi) formalaşa bilər və bu baxımdan Gürcüstan Rəqəmsal İpək Yolu layihəsində daha çox maraqlı olmalıdır: "Ermənistan tərəfi də Gürcüstan hökumətinə təsir etməyə çalışır, çünki internetin 80 %-ni bu xətt vasitəsilə alır.

Lakin, Ermənistanın Rusiyadan aldığı təbii qaz da hazırda, müvəqqəti də olsa, Azərbaycan üzərindən nəql edilir. Regionda nəqliyyat əlaqələrinin bərpası da nəzərdə tutulur. Bunları nəzərə alaraq, Ermənistan dairələrinin narahatçılığı da əsassız görünür”.

Azərbaycan İnternet Forumunun rəhbəri bildirib ki, “Caucasus Online” şirkətinin alınması hüquqi normalara uyğun həyata keçirilib:

“NEQSOL Holding" 2019-cu ildə "Caucasus Online" şirkətinin xaricdə qeydiyyatdan keçmiş təsisçisini (ana şirkətini) beynəlxalq normalara və müvafiq yurisdiksiyanın qanunlarına uyğun olaraq tam alıb. Gürcüstan tərəfinin bu alqı-satqını ləğv etməyə çalışması və gətirdiyi səbəblər anlaşılan deyil. Bu alqı-satqının qəbul edilməsi isə Gürcüstanın beynəlxalq nüfuzuna, investisiya mühitinə və xarici sərmayəçilərin etimadına müsbət təsir edər və regional əməkdaşlıq üçün yeni imkanlar yaradar”.

“NEQSOL Holding" tərəfindən Rəqəmsal İpək Yolu layihəsinin həyata keçirilməsi bütün region üçün faydalı olacaq, belə ki regionda rəqəmsal iqtisadiyyatın və xidmətlərin inkişafına gətirəcək. Layihə üzrə Azərbaycan və Gürcüstanda müasir məlumat və İnternet mübadilə mərkəzlərinin yaradılması imkanları da nəzərdə tutulur. Gürcüstanın bu layihəyə tam dəstək göstərməsi daha doğru olardı. Fikrimcə Azərbaycan hökuməti tərəfindən yaranmış məsələnin həlli və layihənin həyata keçirilməsi üçün müvafiq dəstəyin göstərilməsi yaxşı olardı. Belə ki, Rəqəmsal İpək Yolu özəl layihə olsa da, bütün region üçün mühüm strateji əhəmiyyətə malikdir. Layihənin uğurla həyata keçirilməsi üçün məsələnin həlli istiqamətində həm Gürcüstanla, həm də beynəlxalq müstəvidə bütün səylər gücləndirilməlidir”, - deyə Osman Gündüz əlavə edib.

Tarix üzrə fəlsəfə doktoru, data Learning üzrə mütəxəssis Emin Əliyev “Caucasus Online” şirkətinin alınmasının ölkəmiz üçün əlamətdar faktor olduğunu qeyd edib:

"Bu hadisə ölkəmizin investisiya cəlbediciliyini kifayət qədər artıracaq və nəticədə xarici sərmayələrin Azərbaycana gəlməsinə böyük təminat yaranacaq"

Emin Əliyev

Tarix üzrə fəlsəfə doktoru, data Learning üzrə mütəxəssis

“NEQSOL Holding”in bu addımı tək şirkətin deyil, eyni zamanda ölkəmizin uğurudur. Bu hadisəyə bir neçə nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Birincisi, Azərbaycanın bir internet magistral məmləkəti kimi formalaşması konteksti, ikincisi, 4-cü Sənaye İnqilabı konteksti, üçüncüsü isə ölkənin investisiya cəlbediciliyi məsələsidir. Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. “Caucasus Online” platforması “Azerbaijan Digital Hub” layihəsinin bir komponenti kimi dəyərləndirilə bilər. Burda da üç əsas mərhələ var. Data mərkəzlərinin tikilməsi, təchiz olunması və Azərbaycanda internet trafikinin paylanması mərkəzlərinin yaranmasıdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə və ümumilikdə Azərbaycanda ağıllı şəhərlər, ağıllı kəndlər, ağıllı infrastruktur, ağıllı idarəçilik kimi konsepsiyalar irəli sürülür və bunlar tezliklə reallaşdırılacaq. Onları reallaşdırarkən ən vacib şərt yüksək sürətli internetin olmasıdır. Digər tərəfdən, hər hansı bir ölkənin investisiya cəlbediciliyi orada internetin sürəti, İT infrastrukturunun hansı dərəcədə inkişaf etməsi kimi amillərdən çox asılıdır. Ona görə də bu hadisə ölkəmizin investisiya cəlbediciliyini kifayət qədər artıracaq və nəticədə xarici sərmayələrin Azərbaycana gəlməsinə böyük təminat yaranacaq. Bu isə yeni iş yerlərinin açılması, iqtisadiyyatın şaxələnməsi, diversifikasiyası və yeni sahələrin inkişaf etdirilməsi deməkdir.

E.Əliyev bildirib ki, gələcəkdə Azərbaycan rəqəmsal bir haba çevrilə bilər:

“Azərbaycan yükdaşıma və logistik habların birinə çevrilmək üçün kifayət qədər ciddi addımlar atır. Bu layihələr tamamilə yekunlaşdırma mərhələsinə çatanda Azərbaycan regionun rəqəmsal bir habına da çevrilə bilər. Belə ki, Azərbaycan Avropadan Asiyaya internet trafikinin də daşınması missiyasını öz üzərinə götürmüş kimi görünə bilər. Bu, çox qlobal əhəmiyyətli bir hadisədir və iqtisadiyyatımız, ölkəmiz üçün də çox uğurlu bir haldır”.

Son xəbərlər

Orphus sistemi