Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (45,47 MB/S) görə 161 ölkə arasında 104-cü yerdə qərarlaşıb ki, bu da iyul ayına nisbərən 5 pillə irəliləyiş deməkdir.
"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (28,70 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 58,4 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (297,62 MB/S), axırıncı yeri isə Türkmənistan (3,53 MB/S) tutub.
Azərbaycan avqustda mobil internetin sürətinə görə iyul ayına nisbətən mövqeyini dəyişməyərək 55,14 MB/S sürətlə 111 ölkə arasında 45-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (398,51 MB/S), sonuncu yeri isə Yəmən (7,91 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 205 şəhər arasında 47,01 MB/S sürətlə 131-ci yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (326,39 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,86 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 72,36 MB/S sürətlə 161 şəhər arasında iyul ayına nisbətən yerini qoruyaraq 69-cu olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (438,23 MB/S), sonuncu yeri Kabil (8,32 MB/S) tutub.