"ASAN ödəniş" portalı istifadəyə verilib

"ASAN ödəniş" portalı istifadəyə verilib İlkin mərhələdə burada yalnız yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişi mümkündür
İKT
8 Yanvar , 2015 14:04
ASAN ödəniş portalı istifadəyə verilib

Bakı. 8 yanvar. REPORT.AZ/ "ASAN ödəniş" sistemi pilot layihə çərçivəsində elektron portalını (www.asanpay.az) istifadəyə verib. "Report" xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnformasiya təminatı şöbəsinin yaydığı məlumatda bildirilir.

Vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarları üzrə ödənişləri “ASAN ödəniş” portalından bank kartı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişi mümkündür. Vətəndaşlar ödənişləri portalda qeydiyyatdan keçməklə və ya qeydiyyatdan keçmədən yerinə yetirə bilərlər. 

Vətəndaşlar “ASAN ödəniş” sisteminin funksionallığı ilə bağlı sual yarandıqda 108 Çağrı Mərkəzinə zəng edə bilər.

Bundan başqa, ödənişləri pilot layihə çərçivəsində 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində (Həsən Əliyev küç.,36) quraşdırılan “ASAN ödəniş” terminallarında nağd və ya bank kartı ilə yerinə yetirmək olar. Bu terminalların gələcəkdə bütün mərkəzlərdə və əhalinin kütləvi toplaşdığı yerlərdə quraşdırılması nəzərdə tutulub. “ASAN ödəniş” terminalları digərlərindən fərqi ondan ibarətdir ki, terminallar özündə həm nağd pulun, həm qəpiklərin qəbulunu və qaytarılmasını nəzərdə tutur.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi “ASAN Xidmət” mərkəzlərində həyata keçirilən xidmət növləri və elektron xidmətlərin genişləndirilməsi məqsədi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi