Fərid Cəfərov: "AZPOS Azərbaycanın mükəmməl geoməkan istinad sisteminə çıxış imkanlarını artıracaq"

Fərid Cəfərov: "AZPOS Azərbaycanın mükəmməl geoməkan istinad sisteminə çıxış imkanlarını artıracaq" Əmlak Məsələləri Dövlət Komitəsi bu gün “AZPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq” mövzusunda İctimai Təqdimat keçirib.
İKT
2 İyul , 2019 11:35
Fərid Cəfərov: AZPOS Azərbaycanın mükəmməl geoməkan istinad sisteminə çıxış imkanlarını artıracaq

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün “AZPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq” mövzusunda İctimai Təqdimat keçirib. 

"Report" xəbər verir ki, tədbirdə kənd təsərrüfatı, neft sənayesi, nəqliyyatın intellektual idarə edilməsi, o cümlədən geodeziya və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarının, şirkətlərin nümayəndələri iştirak ediblər.

Məqsəd AzPOS sistemi haqqında ümumi anlayış, göstərdiyi xidmət növləri, onların üstünlükləri, o cümlədən tətbiq sahələri, xidmətin faydaları haqqında məlumat verməkdir. Eyni zamanda sistemdən istifadə edənlərin sayını artırmaq da əsas vəzifələrdəndir.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru Fərid Cəfərov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 14 sentyabr tarixli Fərmanına əsasən AZPOS sisteminin məlumatlarından istifadə edilməsi nəzərdə tutulmuşdu. "Hazırda Azərbaycanda ən müasir texnologiyalar əsasında fasiləsiz fəaliyyət göstərən 37 stansiya mövcuddur. AzPOS xidmətlərinin 300-ə yaxın istifadəçisi var. Azərbaycan Respublikasının ərazisində real vaxtda üfüqi səviyyədə ± 2 sm və şaquli səviyyədə ± 4 sm dəqiqliklə mövqeyi göstərməyə imkan verən sistem vasitəsilə çöl-ölçmə işləri aparmaq istəyən şirkətlərə, avtomobil və ya dəmir yolları, su və kanalizasiya, neft kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlara kadastr xidmətləri göstərilir. Həmçinin faydalı qazıntıların çıxarılması zamanı dağ-mədən sənayesinin daimi müşahidələrində, xətti obyektlərin, bəndlərin və su anbarlarının, eləcə də seysmik dəyişikliklərə məruz qalan ərazilərin hərəkətinin monitorinqlərində də sistemdən istifadə edilir", - F.Cəfərov qeyd edib.

AZPOS Azərbaycan Respublikası ərazisində kadastr-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. Bu stansiyalar Azərbaycan Respublikası ilə Dünya Bankının birgə həyata keçirdiyi “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində quraşdırılıb. AZPOS şəbəkəsi məlumatları real vaxt rejimində Differensial Qlobal Naviqasiya Peyk sistemi vasitəsi ilə emal etdikdən sonra elektron formada ötürür.

Onun sözlərinə görə, AZPOS ilə mükəmməl geoməkan istinad sisteminə çıxış, yüksək məhsuldarlıq əldə edilir, real zaman ərzində ərazinin koordinatları müəyyən olunur, o cümlədən ayrıca baza stansiyası, avadanlıq xərcləri tələb olunmur, ümumi sistemdə işləmə imkanları artırılır. Bu stansiyaların qurulması sayəsində istənilən ərazinin koordinatlarını daha rahat, həm də çox qısa vaxt ərzində əldə etmək olur. Üstəlik əvvəllər bu proses üçün bir neçə işçi qüvvəsi tələb olunurdusa, indi bir mühəndis AZPOS sistemindən istifadə etməklə və düyməni basmaqla ərazinin koordinatlarını verə bilir.

Daha sonra ölkəmizdə fasiləsiz fəaliyyət göstərən istinad stansiyalari şəbəkəsinin işləmə mexanizmindən, üstünlüklərindən, verdiyi imkanlardan bəhs edən ictimai təqdimat olub. Bildirilib ki, sistem geodeziya xəritələrinin hazırlanması üçün baza rolunu oynayır. AZPOS daimi olaraq Amerikanın GPS və Rusiyanın GLONASS peyk siqnallarını qəbul edir.

Daimi fəaliyyət göstərən geodeziya istinad şəbəkəsinin yaradılması və ortofotoxəritələrin hazırlanması məhz AZPOS şəbəkəsinin texniki imkanlarına əsaslanır. Həmçinin, sistem əmlak qeydiyyatı və dövlət əmlakının idarəetmə sistemləri üçün xəritə və kadastr məlumatlarının bazası rolunu oynayır. Bütün sahələr üzrə cari və perspektiv mərzçəkmə işlərinin yerinə yetirilməsində istifadə edilir. Məhz bu sistemin yaradılması sayəsində yeni peyk və aerofototəsvirlər vasitəsilə rəqəmli ortofotoxəritələrin tam dəsti hazırlanır, torpaq sahələrinin xəritələri tərtib edilir.

Sistemin digər üstünlüyü yeni ortofotoxəritələr vasitəsilə kadastr məlumatlarının düzgünlüyünü yoxlamaq imkanı yaratmasıdır. AzPOS sistemi mövcud kadastr məlumatlarını, o cümlədən keçmiş dövrlərdə qeydiyyata alınmış torpaq sahələrinin ölçülərini, konfiqurasiyalarını, hüquqi sənədlərdə (dövlət aktları və şəhadətnamələr) əks olunmuş texniki göstəriciləri faktiki vəziyyətlə müqayisədə yoxlamaq imkanı verir.

Təqdimatın ardınca AzPOS xidmətlərini əks etdirən reklam çarxı izlənilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. Qeyd edilməlidir ki, AzPOS sisteminə qoşulmaq istəyən hüquqi və fiziki şəxslər rəsmi şəkildə Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət etdikdən sonra, sənədləşmə prosesi başa çatan kimi, qısa vaxt ərzində istifadəçi adı və şifrə ilə təmin edilirlər.

Son xəbərlər

Orphus sistemi