“Apple” mayda Azərbaycanın planşet bazarındakı payının 28 %-ni itirib
- 04 iyun, 2025
- 13:48
Bu ilin may ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 56,38 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprel ayına nisbətən 7,39 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 7,58 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 6,85 faiz bəndi, illik isə 12,82 faiz bəndi azalaraq 17,89 % təşkil edib. Beləliklə şirkətin bazar payı əvvəlki aya nisbətən mayda 28 % azalıb.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 0,35 faiz bəndi azalaraq, illik isə 1,4 faiz bəndi artaraq 12,01 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1 faiz bəndi azalaraq, illik isə 2,11 faiz bəndi artaraq 5,45 % olub.
İlk beşliyi 4,58 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,23 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,61 faiz bəndi artıb.