AMEA-nın Yüksək Texnologiyalar Parkına 3 rezident qəbul olunub

AMEA-nın Yüksək Texnologiyalar Parkına 3 rezident qəbul olunub Bu gün AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) Ekspertlər Şurasının onlayn iclasında “Smart Security Solutions” MMC, “Troniq” MMC və “East Nano Technologies” MMC-nin YTP-də rezident kimi qeydiyyata alınmaları üçün təqdim etdikləri layihələr müzakirə
İKT
26 İyul , 2022 16:24
AMEA-nın Yüksək Texnologiyalar Parkına 3 rezident qəbul olunub

Bu gün AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) Ekspertlər Şurasının onlayn iclasında “Smart Security Solutions” MMC, “Troniq” MMC və “East Nano Technologies” MMC-nin YTP-də rezident kimi qeydiyyata alınmaları üçün təqdim etdikləri layihələr müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın gündəliyində duran məsələləri diqqətə çatdırarkən bildirib.

R. Əliquliyev AMEA rəhbərliyinin və YTP-nin texnoloji yeniliklərin ölkəmizdə tətbiq edilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması, eləcə də elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verdiyini vurğulayıb.

Sonra “Smart Security Solutions” MMC-nin nümayəndəsi Anar Əsgərov çıxış edərək 2021-ci ilin sentyabr ayından fəaliyyət göstərən müəssisənin müasir texnologiyaların tətbiqi ilə holoqrafik displeylərin istehsal texnologiyasını, "Smart" ev sistemlərinin layihələndirilməsini və onların proqram təminatlarının yazılmasını həyata keçirdiyini bildirib. O, “Smart Security Solutions” MMC-nin respublikada analoqu olmayan müasir texnoloji məhsulların yığılması və istehsalı ilə yanaşı, satışının təşkilini də həyata keçirəcəyini qeyd edib.

Daha sonra YTP-nin rezidenti statusunu almaq üçün iddialı olan “Troniq” MMC-nin təsisçisi və direktoru Anar Nəbiyev çıxış edərək şirkətin 2019-cu ilin dekabr ayından fəaliyyətə başladığını deyib. A.Nəbiyev müəssisənin Yüksək Texnologiyalar Parkı ərazisində yerləşən istehsal sahəsində müxtəlif avadanlıqların və robototexnikaların istehsalı, onların süni intellekt vasitəsilə idarə edilməsi üçün müvafiq proqram təminatlarının yazılması, eyni zamanda, həmin avadanlıqlarda və digər sahələrdə istifadə olunacaq ana plataların istehsalı və satışının təşkilinin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Rezidentlik üçün müraciət etmiş digər müəssisə – “East Nano Technologies” MMC-nin nümayəndəsi Kənan İsayev və baş mühəndisi Mehmet Çakıcı isə şirkətin əsas fəaliyyət istiqamətləri və YTP-yə rezidentlik üçün təqdim etdiyi layihə barədə məlumat veriblər. Bildirilib ki, layihənin məqsədi müasir texnologiyaların tətbiqi ilə motorlu nəqliyyat vasitələri üçün hava, yağ və kondisioner filtrlərinin avtomatlaşdırılmış istehsalının təşkilini həyata keçirməkdən ibarətdir.

Müzakirələrdə layihələrin proqram təminatının seçilməsi, xaricdən gətirilən xammalın yerli istehsalının təşkili, qiymət siyasətinin müəyyənləşdirilməsi, AMEA-nın elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin qurulması və s. kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonra adıçəkilən iddiaçıların YTP-nin rezidenti kimi qəbul edilmələrinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, onlara rezident statusu verilməsi qərara alınıb.

Şura sədri müəssisələrin AMEA-nın elmi-intellektual potensialından səmərəli istifadə edəcəklərinə, YTP-də təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacaqlarına və ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəklərinə inamını ifadə edib.

Son xəbərlər

Orphus sistemi