AMEA-nın "Yüksək Texnologiyalar Parkı"na yeni rezident qəbul olunub

AMEA-nın "Yüksək Texnologiyalar Parkı"na yeni rezident qəbul olunub "Azərbaycan Milli Elmlər Akademiyası"na məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-yə yeni rezident qəbul olunub.
İKT
13 Aprel , 2022 10:37
AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

"Azərbaycan Milli Elmlər Akademiyası"na məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-yə yeni rezident qəbul olunub.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, bu məqsədlə Parkın Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib. İclasda Şuranın sədri, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, Şura üzvləri, Parkın baş direktoru Vasif Abbasov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.

R.Əliquliyev tədbirin “AK PACK” MMC-nin rezident kimi qeydiyyata alınması məqsədilə təqdim etdiyi “Yüksək texnologiyanın tətbiqi ilə polipropilen tərkibli kompozit məhsulların istehsalı və çapı” layihəsinin müzakirəsinə həsr olunduğunu bildirib. Şirkətin nümayəndəsi İsmayıl Kərimov isə müəssisənin Texnoparka rezidentlik üçün təqdim etdiyi layihə və əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, bildirib ki, layihə qida sənayesində istifadə olunacaq polipropilen tərkibli kompozit məhsulların istehsal sahəsinin təşkil olunmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Layihənin məqsədi ekoloji cəhətdən təmiz, qida məhsulları istehsalında (süd məhsulları, dondurma, çərəz və s.) istifadə edilən polipropilen tərkibli keyfiyyətli kompozit məhsulların istehsalını qurmaq və satışını həyata keçirməkdən ibarətdir.

V.Abbasov isə texnoparkın bu kimi layihələrin ölkəmizdə inkişaf etdirilməsinə, cəmiyyətdə innovativ təşəbbüslərin artırılmasına, elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına daim dəstək verdiyini vurğulayıb. O, yeni rezidentlərin seçilməsi zamanı AMEA-nın müvafiq institutları ilə birgə icra olunma potensialı olan layihələrə üstünlük verildiyini qeyd edib. Baş direktor “AK PACK”ın təqdim etdiyi layihənin AMEA-nın Polimer Materialları, Aşqarlar Kimyası və Neft-Kimya Prosesləri institutları ilə birgə icra olunma imkanlarına malik olduğunu diqqətə çatdırıb.

Daha sonra səsvermə keçirilib, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi