Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktorluğunda bölmə rəhbəri Lourens Mereditin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla görüşüb.
"Report" nazirliyə istinadən xəbər verir ki, görüş beynəlxalq maliyyə institutlarının – Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliklərinin rəsmilərinin iştirakı ilə baş tutub.
Görüşdə Aİ-nın Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının (EİP) Azərbaycanda icrasına dair məsələləri müzakirə olunub.
Eyni zamanda, ölkəmizin Trans-Avropa Nəqliyyat Şəbəkələrinə (TEN-T) daxil olan avtomobil və dəmir yolları şəbəkələri ilə bağlı layihələrdə iştirakı və Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.