Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev “ASAN xidmət”in 2024-2026-cı illər üçün idarəetmədə süni intellekt həllərinin tətbiqi ilə bağlı bir strategiya qəbul etdiyini bildirib.
“Report”un məlumatına görə, o bunu “Mərkəzləşdirilmiş Dövlət Xidmətləri Çağrı Mərkəzinin Optimallaşdırılmasında Süni İntellektin Tətbiqi” Kiçik Həcmli İnkişafa Rəsmi Yardım Layihəsi Çərçivəsində Təhvil-Təslim Protokolunun imzalanma mərasimində çıxışı zamanı deyib: “Onun ilkin mərhələsi olaraq “ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt proqramının tətbiqi layihəsidir. "ASAN xidmət"in Çağrı mərkəzi illik bir milyondan çox zəng qəbul edən mərkəzdir”.
Onun sözlərinə görə, burada bütün dövlət xidmətləri ilə bağlı zənglər qəbul edilir, xidmətlərlə bağlı məlumatlar verilir, təklif və şikayətlər toplanılır: “Çağrı mərkəzinin süni intellekt proqram təminatı sırf Azərbaycanın yerli mütəxəssisləri tərəfindən tam hazırlanıb. Onun avadanlıq təminatı Koreya tərəfinin dəstəyi ilə xüsusi qrantla təmin olunub”.
Ü.Mehdiyev vurğulayıb ki, artıq biz bu avadanlıq və proqram təminatı ilə yaxın aylarda tamamilə Çağrı mərkəzində süni intellekt həllərini tətbiq edəcəyik: “Bu dəstəyə görə Koreya tərəfinə minnətdarlığımı bildirirəm. Bundan sonra da texnologiya və innovasiyalar sahəsində Koreya tərəfi ilə əməkdaşlığa hazır olduğumuzu bəyan edirəm”.