2022-ci ilin İKT və nəqliyyat yekunları

2022-ci ilin İKT və nəqliyyat yekunları Başa çatmaqda olan 2022-ci il Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) və maliyyə sektorları üçün zəngin il oldu, maraqlı hadisələrlə yadda qaldı.
İKT
31 Dekabr , 2022 12:00
2022-ci ilin İKT və nəqliyyat yekunları

Başa çatmaqda olan 2022-ci il Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat sektorları üçün zəngin il oldu, maraqlı hadisələrlə yadda qaldı.

İlin ən böyük İKT tədbiri mayın 26-29-da Bakıda keçirilmiş "Teknofest" Aerokosmik və Texnologiya Festivalı oldu. Türkiyədən kənarda ilk dəfə Azərbaycanda baş tutan festivalın açılış mərasimində iki ölkənin prezidentləri iştirak etdi. 4 gün davam edən tədbirə 300 mindən çox ziyarətçi baş çəkdi.

Oktyabrın 4-10-da isə Bakı Ümumdünya Kosmos Həftəsinə ev sahibliyi etdi. Həftə çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") öz peyklərinin imkanlarını, indiyə qədər əldə etdiyi nailiyyətləri geniş nümayiş etdirdi. Gələn il isə ölkəmizdə 50 illik fasilədən sonra Beynəlxalq Astronavtika Konqresi keçirilməlidir.

Peyklərdən söz düşmüşkən, il ərzində məlum oldu ki, Azərbaycan 4-cü peykini istifadəyə verə bilər. Hazırda “Azerspace-1” peyki ilə yayımlanan Azərbaycanın televiziya kanalları isə HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçdi. Bundan başqa, Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi ki, nəticədə 8 ümumrespublika televiziya kanalının (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İTV, ATV, Xəzər TV, CBC, Real TV), "Azərbaycan Radiosu"nun, "İctimai Radio"nun Laçın rayonunda, həmçinin Şuşa və Qubadlı rayonlarının Laçın istiqamətində olan kəndlərində yayımı təmin olundu.

2022-ci ildə Azərbaycanda əldə daşınan radiostansiyalar üçün tezlik ayrılması proseduru sadələşdirildi. Əgər indiyə qədər tezlik almaq istəyənlər Radiotezliklər üzrə Dövlət Komissiyasına müraciət edib iki ay gözləməli idilərsə, artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Radiotezliklər İdarəsinə müraciət edib üç gün ərzində tezlik almaq mümkündür. Bu arada nazirliyin kollegiyası “Radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nı təsdiqlədi. Bununla da, radiotezliklərdən istifadə tariflərinin yeni qayda əsasında hesablanmasına başlanıldı.

İl ərzində Azərbaycanda kibertəhlükəsizlik diqqət mərkəzində oldu. Bununla bağlı xeyli sayda tədbir keçirildi, RİNN yanında Elektron Təhlükəsizlik Xidməti isə İsrailin “Technion” Universiteti ilə ölkədə Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasına və növbəti 3 il ərzində 1 000-dən çox peşəkar mütəxəssisin hazırlanmasına dair müqavilə imzaladı.

Bu il Azərbaycanda bir sıra tariflər yerində saymadı. Tarif (Qiymət) Şurasının qərarı ilə RİNN-ə məxsus “Azərpoçt” MMC-nin göstərdiyi universal poçt xidmətləri üzrə tariflər yeniləndi. Çəkisi 20 qrama qədər olan sadə daxili məktubun tarifi 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişinin (məktub, banderol, kiçik paket) tarifi isə 1,8 manatdan 3 manata, daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif isə 30 qəpikdən 60 qəpiyə qaldırıldı. Bundan başqa, "Bakı Telefon Rabitəsi" və "Aztelekom" MMC-lərin göstərdiyi telefon xidmətləri üzrə tariflərə də baxıldı. Yeni qərarla əhalinin istifadə etdiyi sabit şəbəkə telefonlarının aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) qaldırıldı, şəhərlərarası telefon danışıqları üzrə isə tarif 5 qəpikdən 3 qəpiyə endirildi. "Aztelekom"dan söz düşmüşlən, dövlət şirkəti ilin sonuna yaxın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 50 milyon ABŞ dolları dəyərində kredit müqaviləsi imzaladı. Vəsait regionların sürətli internetlə təmin olunmasına xərclənəcək.

2022-ci ildə RİNN-nin strukturu genişləndirildi. Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən “Elektron hökumət” və “MyGov” portalları, Elektron Hökumət İnformasiya Sisteminin alt sistemləri), “Rəqəmsal icra hakimiyyəti” portalı, Milli Məlumat Mübadiləsi sistemi (“ASAN Bridge”), Vahid Giriş Sistemi (“ASAN Login”), “ASAN Finans” sistemi, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və İnformasiya Mənbələrinin Reyestri, “İcazələrin alınması və monitorinqi sistemi”, habelə həmin sistem və reyestrlərlə əlaqəli olan digər əsas və yardımçı informasiya sistemləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN Xidmət") alınaraq nazirliyə verildi.

İl ərzində Azərbaycanda həm də yeni nəsil elektron imza - SİMA təqdim edildi. RİNN-ə məxsus “AzInTelecom” MMC-nin təqdim etdiyi SİMA fiziki şəxslər üçün tam pulsuz oldu və onun mobil əlavəsi bu günə qədər təxminən 200 min cihaza yüklənib.

Bu il nəqliyyat sektorunda isə ən böyük hadisələlərdən biri işğaldan azad edilmiş ərazilərə avtobus reyslərinin təşkil edilməsi oldu. Bununla da 15 mindən çox Azərbaycan vətəndaşı Şuşa və Ağdama səfər etmək, bu şəhərlərdəki tarixi abidələri görmək imkanı qazandı. Bilet satışı üçün isə ayrıca sayt - www.yolumuzqarabaga.az yaradıldı. RİNN yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarında biletin onlayn qaydada əldə edilməsi üçün biletim.az portalını istifadəyə verdi.

2022-ci ildə Azərbaycan və İran arasında yaşanan siyasi gərginliyə baxmayaraq iki ölkə nəqliyyat sektorunda əməkdaşlığa dair addımlar atdı. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə birgə Astaraçay və Araz çayı üzərində avtomobil yolu körpülərinin təməlini qoydular.

Və nəhayət, Azərbaycanda daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınması üçün “Fərqlənmə nişanı”nın onlayn rejimdə verilməsinə başlanıldı.

Son xəbərlər

Orphus sistemi