Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanın qadın voleybol komandalarının Avropa kuboklarında keçirəcəkləri növbəti ev oyunlarının vaxtı müəyyənləşib. "Report"un məlumatına görə, "Lokomotiv" Çempionlar Liqasının "pley-off", "Azəryol" isə CEV Kubokunun Çelenc mərhələsində ilk oyunlarını Bakıdakı Voleybol Mərkəzində keçirəcək.
"Dəmiryolçular" İsveçrə "Volero"sunu fevralın 10-da, "Azəryol" İtaliyanın "İqor Qorqonzola Novara" komandasını fevralın 11-də qəbul edəcək. Hər iki qarşılaşma saat 18:00-da başlanacaq.
Cavab görüşlərindən hələlik "Azəryol"un CEV Kubokundakı qarşılaşmasının fevralın 23-də oynanılacağı açıqlanıb. Matç Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. "Lokomotiv"in İsveçrədəki görüşünün vaxtı isə hələ məlum deyil.