Türkiyənin gənclər və idman naziri: "Azərbaycanla qardaşcasına rəqabətdə olacağıq"

Türkiyənin gənclər və idman naziri: "Azərbaycanla qardaşcasına rəqabətdə olacağıq" Akif Çağatay Türkiyənin 2 idmançısının olimpiya medallarından məhrum edilməsi qərarını şərh edib
Fərdi
6 Aprel , 2017 13:54
Türkiyənin gənclər və idman naziri: Azərbaycanla qardaşcasına rəqabətdə olacağıq
Report.az

Bakı. 6 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Türkiyə ən geniş nümayəndə heyəti ilə təmsil olunacaq. 

Bu barədə "Report"un sualına cavab olaraq, ölkənin gənclər və idman naziri Akif Çağatay Kılıç məlumat verib. Nazir Azərbaycanla dostcasına rəqabət aparacaqlarını bildirib. O, son illər Türkiyədə idmanın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb: "İdmanımızdakı problemlər 2012-ci ildən sonra aradan qaldırılmağa başlayıb. Təbii ki, idman uğurlarında zaman-zaman eniş və yoxuşlar olur. Hazırda biz inkişafdayıq. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında daha yüksək nəticəyə gələcəyik. Biz Azərbaycanla qardaşcasına rəqabətdə olacağıq. Növbəti olimpiadada nəinki İslam ölkələri arasında birincilik, hətta dünyada yüksək yerlər uğrunda mübarizə aparacağıq". 

A.Çağatay Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Türkiyənin 2 idmançısı - Elvan Abeylegesse və Qamze Bulutun 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandıqları üst-üstə 2 medalın əllərindən alınmasına dair qərarı da şərh edib: "Mən həm də Ümumdünya Antidopinq Agentliyində İcraiyyə Komitəsinin üzvüyəm. Artıq dopinqlə çox ciddi mübarizə aparan ölkəyə çevrilmişik. 2 idmançımızın dopinq-testlərinin təkrar analizininin müsbət nəticə verməsi və onların Pekin və London olimpiadalarında qazandıqları medallardan məhrum edilmələri hazırkı fəaliyyətimizlə əlaqəli deyil. Bunlar bizdən əvvəl baş verib". 

Qeyd edək ki, Türkiyənin xanım atletləri Elvan Abeylegesse və Qamze Bulut dopinq-testdən keçə bilmədikləri üçün cəzalandırılıb. Abeylegesse 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 5000 metr və 10000 metr məsafələrə qaçışda qazandığı 2 gümüş medaldan, Bulut isə London olimpiadasının qızıl medalından məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi