Bakı. 10 dekabr. REPORT.AZ/ Meksika Qran-prisi “Formula 1” üzrə dünya çempionatının təqvimindən çıxarıla bilər.
“Report” “Autosport”a istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib. Dövlət başçısı 2019-cu ildən sonra hökumətin yarışa dəstək vermək niyyətində olmadığını bəyan edib.
Beləliklə, maliyyə dəstəyi olmadan bu ölkədə Qran-prinin təşkili şübhə altına düşüb.
Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran-prisi aprelin 26-28-də baş tutacaq. Meksika Qran-prisi isə 25-27 oktyabrda təşkil ediləcək.