Yuxarı

“Formula-1” çempionatının Füzuli yarışının qalibi müəyyənləşib

Bakı. 2 mart. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında “Sənin sürət formulan” devizi altında keçirilən simulyatorda “Formula 1” çempionatının Füzuli yarışında 9-cu sinif şagirdi Hüseyn Eyvazov fərqlənib.

BŞH-dan “Report”a verilən məlumata görə, regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində keçirilən tədbirlərin ilk günü - fevralın 28-də AAF mütəxəssisləri Horadiz şəhərinin 1, 2, 3 saylı və Əhmədalılar kənd tam orta məktəblərindən 200-dək 9 - 11-ci sinif şagirdinə yol hərəkətinin təhlükəsizliyi mövzusunda təlimlər veriblər. Təlimlərin sonunda məktəblilərə müvafiq sertifikatlar təqdim olunub. Həmçinin eyni gündə simulyatorlar rayon ictimaiyyətinin istifadəsinə açıq olub.

Martın 1-də isə təlimlərdə iştirak edən yuxarı sinif şagirdləri arasında simulyatorda “Formula 1” yarışı keçirilib. Yarış zamanı BŞH-ni 1 dəqiqə 50 saniyəyə dövrə vuran şəhər 2 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi H.Eyvazov bu göstərici ilə iştirakçılar arasında ən sürətli nəticə göstərərək çempionatın Füzuli yarışının qalibi olub.

Qeyd edək ki, çempionat çərçivəsində, ümumilikdə, 6 regionda yarış keçiriləcək. İndiyədək Lənkəran, Şirvan və Füzulidə müvafiq yarışlar baş tutub. Növbəti yarışlar isə ardıcıllıqla Mingəçevir, Qax və Qubada keçiriləcək.

Simulyatorları daşıyan treyler martın 3-də Mingəçevirdə olacaq və həmin gün simulyatorlar şəhər sakinlərinin istifadəsinə veriləcək. Bununla yanaşı, şəhər məktəblərinin yuxarı sinif şagirdlərinə yol hərəkətinin təhlükəsizliyinə dair təlimlər keçiriləcək. Martın 4-də isə bu təlimdə iştirak etmiş məktəblilər arasında simulyatorda “Formula 1” yarışı baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi