Yuxarı

FİA Sebastyan Fettelin yenidən cəzalandırılması məsələsinə 30 yaşının tamamlandığı gün baxacaq

Formula 1 üzrə Azərbaycan Qran Prisində Luis Hamiltonla insident yaşaması almaniyalı pilota baha başa gələ bilər

Bakı. 29 iyun. REPORT.AZ/ Beynəlxalq Avtomobil Federasiyası (FİA) Formula 1 üzrə Azərbaycan Qran Prisi zamanı “Mercedes” pilotu Luis Hemiltonla insident yaşayan “Ferrari”nin sürücüsü Sebastian Fettelə əlavə cəza tətbiq edilməsinə dair araşdırma aparacaq. 

“Report”un qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, FİA iyulun 3-də insidenti bir daha incələrək, müvafiq qərar qəbul edəcək. Həmin gün Fettelin 30 yaşı tamamlanacaq. Onun barədə qərar 7 - 9 iyulda keçiriləcək Avstriya Qran Prisinədək çıxarılacaq. 

Azərbaycan Qran Prisində iki iddalı pilot - Luis Hemilton və Sebastyan Fettel arasında münaqişə baş verib. Buna son döngədə birincinin əyləci basması səbəb olub. Nəticədə “Ferrari” pilotu maşınının burnu ilə onun bolidini vurub. 4 qat dünya çempionu bununla da kifayətlənməyərək, döngədən çıxan kimi rəqibinə çataraq, maşınını onun bolidinin təkərlərinə toxundurub. Ən önəmli epizod isə 51 dövrəlik mübarizənin 31-ci dövrəsində yaşanıb. Hemiltonun bolidindəki başlığı təcili dəyişdirmək lazım gəlib. Fettel isə etdiyi hərəkətə görə 10 saniyə dayanma cəriməsi alıb. Nəticədə hər iki pilot ilk 3-lükdən aralanıb. Beləliklə, "Red Bull" pilotu Daniel Rikkardo yarışın qalibi olub. "Mercedes" pilotu Valtteri Bottas ikinci, "Uilyams" pilotu Lens Stroll isə üçüncü yeri tutub.

Azərbaycan Qran Prisinin yekununda S.Fettel 3 balla cərimələnib. Onun hazırda superlisenziyadan məhrum edilmə təhlükəsi var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi