Yuxarı

Bakı Olimpiya Stadionu “İnkluzivlik üçün binaların işıqlandırılması” təşəbbüsündə iştirak edəcək

Bakı. 20 iyul. REPORT.AZ/ Bakı Olimpiya Stadionu Xüsusi Olimpiya hərəkatı (Special Olympics) üçün “İnkluzivlik üçün binaların işıqlandırılması” təşəbbüsündə iştirak edəcək.

“Report” xəbər verir ki, təşkilatın 50 illik yubiley tədbirləri çərçivəsində dünyanın simvolik memarlıq abidələri, o cümlədən Bakı Olimpiya Stadionu iyulun 20-də saat 21:30-da qlobal birliyin rəmzi olaraq qırmızı rənglə işıqlandırılacaq. Bu akt İnkluzivlik İnqilabını əks etdirir – Xüsusi Olimpiya hərəkatının missiyası əqli əlilliklərə malik insanlara qarşı ayrı-seçkiliyə son qoymaq və inkluziv cəmiyyətlər formalaşdırmaqdır.

Dünyada 100-dən artıq bina bu təşəbbüsdə iştirak edəcək və tolerantlıq və fərqliliklərə hörmət nümayiş etdirəcək.

Bu təşəbbüsdə iştirak edəcək yerlərə ABŞ və Kanadada Niaqara şəlaləsi, Mexiko şəhərində Müstəqillik Mələyi abideəsi və Pekində Su Kubu daxildir. Avropa və Avrasiya regionunda bu təşəbbüstə iştirak edəcək abidələr var.

Qeyd edək ki, İnkluzivlik naminə binaların işıqlandırılması təşəbbüsü iyulun 17 – 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən Special Olympics təşkilatının 50-ci ildönümü ilə bağlı yubiley tədbirlərinin bir hissəsidir. Çikaqo 1968-ci ilin iyul ayında ilk dəfə keçirilmiş Beynəlxalq Special Olympics Yay Oyunlarının vətənidir. Xüsusi Olimpiya idmançıları, məşqçiləri, azarkeşləri və məşhurlar sevinc, cəsarət və hüquqların təntənəsi olan 50-ci yubiley tədbirlərində iştirak etmək üçün Çikaqoda toplaşacaq və ilhamverici tədbirlərlə zəngin olan təntənələrdə iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi