Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan bədii gimnastika, güləş və boksdan sonra daha bir idman növü – cüdo üzrə XXXII dünya çempionatına ev sahibliyi edib. Mundialda 6 qitədən olmaqla, 124 ölkənin 755 idmançısı mübarizə aparıb.
Prezidentlərin canlı izlədiyi mundial
Milli Gimnastika Arenasında təşkil edilən yarış bir çox məqamlarla zəngin olub. Özü də bu, yalnız idman mübarizəsi ilə məhdudlaşmır. Mundialı xüsusi edən, Azərbaycanın təbliğinə, dünyadakı nüfuzunun möhkəmlənməsinə töhfə verən başqa amillər də var.
Dünya çempionatı təntənəli açılış mərasimi ilə yadda qalıb. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti (ACF) və IJF İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Mərasimə məşhur italiyalı müğənni Al Bano konsert proqramı ilə xüsusi rəng qatıb.
Yarışları daha 2 ölkənin dövlət başçıları - Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, cüdo və digər idman növləri üzrə beynəlxalq və milli assosiasiyaların rəhbər şəxsləri izləyiblər.
Titullu idmançıları Bakıya gətirən səbəb
Bakıdakı dünya çempionatını ötən il Macarıstanın paytaxtı Budapeştdə təşkil edilmiş mundialdan fərqləndirən əsas məqamlardan biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsi olub. Çempionlar 2000 xal, vitse-çempionlar 1400 xal, bürünc mükafatçılar hərəyə 1000 xal, 5-ci yerin sahibləri 720 xal, 7-ci yerin sahibləri 520 xal, 1/8 finalda uduzanlar 320 xal, 1/16 finalda uduzanlar 240 xal, 1 görüşdə qalib gələnlər 200 xal, ilk oyundaca məğlub olanlar 20 xal əldə ediblər.
Bu səbəbdən, Yaponiya, Cənubi Koreya, Braziliya, Fransa və Rusiya kimi əsas cüdo ölkələri Bakıya aparıcı idmançılarını gətiriblər. Təsadüfi deyil ki, iştirakçılar sırasında olimpiya, dünya və Avropa çempionu tituluna sahib cüdoçular yer alıblar. Məsələn, Yaponiya yığması ötən il Macarıstanda dünya çempionu olan 11 idmançısını da Bakıya gətirib.
Xəzərin sahilində “yapon fırtınası”
Azərbaycan millisi fərdi yarışları 11-ci pillədə başa vurub. Komanda üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib olub. Bundan başqa, Kəramət Hüseynov (60 kq) 5-ci, İrina Kindzeska (+78 kq) 7-ci yeri tutub. Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında 24-cü yerlə kifayətlənib.
Bakıdakı dünya çempionatında 124 ölkədən cəmi 22-si medal qazana bilib. Fərdi çıxışlarda 14 qızıl medaldan yarısı Yaponiyaya qismət olub. Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyələnib. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) "Gündoğar ölkə"yə qismət olub. Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qalıb. Qadın cüdoçulardan hamısı - 5-i qızıl, 3-ü gümüş, 1-i bürünc medal qazanıb. Kişilərdən isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal əldə edib. Ən yüksək əyarlı medallar 60 kq və 66 kq çəkilərdə əldə edilibsə, medalsız qalan cüdoçulardan 1-i 100 kq, digəri isə 100 kq-dan yuxarı çəkilərdə mübarizə aparıb.
Qalan qızıl medallardan 2-si Cənubi Koreyaya, hərəyə 1-i Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub.
Ümumilikdə medalçılar Afrika ilə Avstraliya və Okeaniya istisna olmaqla, 4 qitəni təmsil edib.
Fərdi mübarizədə bütün ölkələrdən üstün olan Yaponiya qarışıq komanda yarışında da qızıl medal qazanıb. "Gündoğar ölkə" təmsilçisi finalda Fransadan güclü olub - 4:1. Rusiya və Birləşmiş Koreya komandaları bürünc medal əldə ediblər.
Azərbaycan millisi isə bürünc medal uğrunda görüşdə Rusiya yığmasına eyni hesabla məğlub olaraq 5-ci yeri tutub.
Ötənilki dünya çempionatında Azərbaycanın 4 cüdoçusu medalçılar sırasına düşmüşdü. Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və qadın cüdoçu İrina Kindzerska (+78 kq) bürünc medal qazanmışdı. Bu dəfə onların hamısı medalsız qalıb. Əvəzində ilk dəfə Hidayət Heydərovla (73 kq) Uşangi Kokauri (+100 kq) medal əldə edib. Bu dəfə medal sayının azlığı bir tərəfdən, doğma meydan amilinin azərbaycanlı cüdoçularda sıxıntı yaratması ilə izah olunursa, digər məqam ötənilki ilə müqayisədə, Bakıya daha güclü cüdoçuların gəlişidir. Bu isə Azərbaycandakı mundialın 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsi ilə əlaqədardır.
Ən gənc medalçı, eyni gündə mükafat qazanan bacı-qardaş
Mudial bir sıra rekordlar və maraqlı hadisələrlə də tarixə düşüb. Məsələn, ilk yarış günündə ukraynalı Darya Beloded (48 kq) 17 yaş 11 ay 10 günlüyündə dünya çempionu olub. Beloded böyüklər arasında bu adı qazanan ən gənc cüdoçudur. Dünya çempionu olan növbəti qadın cüdoçu Uta Abe isə 18 yaş 2 ay 7 günlüyündədir.
Ertəsi gün 66 kq çəkidə yaponiyalı Hifumi Abe ardıcıl ikinci il dünya çempionu olub. 52 kq qadınların mübarizəsində isə onun bacısı Uta Abe fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da Bakıda tarixi hadisə gerçəkləşib. İndiyədək eyni gün və eyni şəhərdə bacı və qardaşın dünya çempionu olması faktına rast gəlinməyib.
Türkiyə milli komandası Bakıda keçirilən dünya çempionatında 17 illik fasilədən sonra ilk medallarını qazanıb. Kişilərdən 81 kq çəki dərəcəsində yer alan Vedat Albayrak və qadınlardan 78 kq-dan yuxarı çəki dərəcəsindəki Kayra Sayit bürünc medala sahib olub.
Bakıdakı dünya çempionatında əslən azərbaycanlı Səid Mollayi İran yığmasının heyətində 81 kq çəki dərəcəsində dünya çempionu olub. Bu barədə 26 yaşlı idmançının özü açıqlamasında bildirib. O deyib ki, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olsa da, hazırda Urmiyada yaşayır.
İspaniya isə dünya çempionatları tarixində ilk qızıl medalını qazanıb. Həmin medalı əslən gürcüstanlı Nikoloz Şerazadişvili 90 kq çəki dərəcəsində əldə edib.
Bakıda ilk dəfə olaraq Koreya Birləşmiş komandası medalçılar sırasına düşüb. Bunadək “Pxençxan-2018” Qış Olimpiya Oyunlarında bəzi idman yarışlarında vahid komanda şəklində iştirak edən Cənubi və Şimali Koreya idmançıları ilk dəfə Azərbaycanda fəxri kürsüyə yüksəliblər. Onlar qarışıq komanda yarışında bürünc medal əldə ediblər.
"Odlar Yurdu - Cüdo Yurdu"
Bakıdakı dünya çempionatı Azərbaycanın təbliğinə öz töhfəsini verib. Mundialı rekord sayda - 190-dan çox ölkədə izləmək mümkün olub. Yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var. 86 ölkə birbaşa öz telekanalları vasitəsilə çempionatı nümayiş etdirib.
Yarış ərəfəsində IJF-nin rəsmi saytında Azərbaycanla bağlı tanıtım xarakterli reportaj və məqalələr dərc olunub. Promo-videoçarxda Azərbaycan böyük enerji resurslarına və zəngin mədəniyyətə malik olmaqla yanaşı, Odlar Yurdu və Cüdo Yurdu kimi təqdim edilib.
Təqdimat xarakterli reportaj çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakı və Sumqayıtda aparılıb. Reportajda Yay Olimpiya Oyunlarının qalibləri - Nazim Hüseynovla Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şahanə Hacıyevanın fikirlərinə yer verilib.
Bakının tarixi keçmişi, onun XII - XV əsrlərə aid memarlıq mirası ilə hazırkı futurustik memarlığı arasında paralellər aparılıb, Heydər Əliyev Mərkəzi, Alov qüllələri ("FlameTowers") və Bakının yeni vizit kartları olan digər göydələnlər müasir memarlıq nümunələri kimi qələmə verilib.
Həmçinin Bakının böyük beynəlxalq turnirlər keçirməkdə uğurlu təcrübəsi, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə, 2015-ci ildə ilk Avropa Oyunlarına, son üç ildə "Formula-1" Qran-prilərinə ev sahibliyi etməsi, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup oyunlarından 3-nün və 1/4 final matçlarından 1-nin Bakı Olimpiya Stadionunda keçiriləcəyi vurğulanıb.
Şöhrət Zalına daxil edilən ilk azərbaycanlılar
IJF dünya çempionatı çərçivəsində bir sıra tədbirlər də keçirib. Yarış ərəfəsində “Buta” sarayında qurumun Şöhrət Zalına daxil edilən 19 ulduz mükafatlandırılıb. Azərbaycandan 3 nəfər bu şərəfə layiq görülüb. IJF 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynov, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədli, eləcə də 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında birinci yeri tutmuş İlham Zəkiyevi fərqləndirib.
Bundan başqa, IJF İcraiyyə Komitəsinin iclasında dünya çempionatlarında komanda yarışları, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıq və Yeniyetmələrin III Yay Olimpiya Oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim və məşq məsələləri, uzunmüddətli təqvim və digər idman məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
Toplantıda 2021-ci il cüdo üzrə dünya çempionatı Avstriyanın paytaxtı Vyanada keçirilməsi qərara alınıb. Həmçinin, cüdonun illik təqviminə Kanada, İsrail və Çili Qran Prilərinin əlavə olunacağı açıqlanıb.
M.Vizer Azərbaycanda olduğu müddətdə Azərbaycan Cüdo Federasiyasının (ACF) Sumqayıt Təlim-Məşq Bazasının açılışında iştirak edib. O, həmçinin cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasını ziyarət edib. Qurumun rəhbəri görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların sərəncamına verilməsinə görə ACF rəhbərliyinə təşəkkür edib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Foto: Firi Salim