Yuxarı

Azərbaycanın daha bir idmançısı yeniyetmə ağır atletlər arasında dünya birinciliyinda bürünc medal qazanıb - FOTO

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan daha biri – Əli Şükürlü körpücük üzərinə çıxıb. O, 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Azərbaycan atleti birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

Əli təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirib. O, 155 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bürünc medala yiyələnib.

Toplam 280 kq (125+155) nəticə göstərən Şükürlü yekun sıralamada da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Buna qədər Azərbaycan yeniyetmələri arasında yalnız Nailxan Nəbiyev (2009) və Azər Məmmədli (2012) dünya birinciliklərində toplamda medal qazanmağı bacarmışdı. Əli Şükürlü Las-Veqasda bu uğuru təkrarlamaqla adını tarixə yazdırıb.

Qeyd edək ki, hazırda Las-Veqasda keçirilən yarışda çıxış edən Azərbaycan yığma komandasının aktivində 5 bürünc medal - 1 böyük, 4 kiçik - var. Buna qədər Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) öz çəkilərində birdən qaldırma hərəkətində bürünc medala sahib çıxıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi