Yuxarı

Avropa Gənclərinin Olimpiya Festivalı Azərbaycana nə verəcək? - RƏYLƏR

Avropa Gənclərinin Olimpiya Festivalı Azərbaycana nə verəcək?

İyulun 21-27-də baş tutacaq idman tədbirinə qitənin 50 ölkəsindən 3600-dək idmançı və texniki heyət üzvləri qatılacaq. Bir həftə ərzində 10 idman növü - bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə mübarizə gedəcək. Yarış iştirakçıları 12 idman qurğusunda çıxış edəcəklər. Atletika yarışları Tofiq Bəhramov adına Respublika Stadionunda, bədii gimnastika yarışları Milli Gimnastika Arenasında, həndbol yarışları Bakı İdman Sarayı, Abu Arenada, tennis yarışları Bakı Tennis Akademiyasında, üzgüçülük yarışları Su İdman Sarayında, basketbol yarışları Sərhədçi İdman Olimpiya Mərkəzi, Avropa Azərbaycan Məktəbində, voleybol yarışları Dərnəgül Arena, FHN İdman Arenasında, velosiped yarışları BMX Veloparkda, cüdo, güləş yarışları Heydər Əliyev Arenasında keçiriləcək. Sadalanan 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalında 135 mükafatlandırma mərasimi olacaq. İdmançılar 298 dəst medal uğrunda yarışacaqlar. Mərkəzində “Bakı-2019”un loqosu əks olunmuş qızıl, gümüş və bürünc medalların dizaynı Bakının irs və mədəniyyətini, eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır. Onun bir tərəfində Od və Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq abidələrindən olan Alov Qüllələri və Heydər Əliyev Mərkəzinin görünüşünü özündə əks etdirir. Medalın digər üzündə isə Avropa Olimpiya Komitəsinin emblemi əks olunub.

"Bakı-2019" yarışlarının audio və video çəkiliş materiallarını yayımlamaq və istifadə etmək hüququ AzTV-yə məxsusdur. Oyunlar 7 gün ərzində AzTV kanalında nümayiş olunacaq. O cümlədən festivalın Açılış və Bağlanış mərasimləri, bütün yarışların final mərhələsi və təltifetmə mərasimləri nümayiş etdiriləcək.

Qeyd edək ki, festivalın həm açılış, həm də bağlanış mərasimləri Bakı Kristal Zalında keçiriləcək.

“Report” belə bir mötəbər idman tərdbirlərinin paytaxtımızda təşkilinin ölkənin dünya miqyasında tanınması, iqtisadiyyatın, xüsusən də turizm sektorunun inkişaf etdirilməsi baxımından önəmi barədə ekspertlərin fikirlərini öyrənib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, bu kimi idman tədbirləri ölkədə turizm sektorunun inkişafı üçün təkan rolunu oynayır:

“Azərbaycan son 10-15 ildə beynəlxalq tədbirlərdə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Ölkəmiz müxtəlif beynəlxalq idman yarışları, mədəniyyət tədbirlərində yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirməklə artıq bütün dünyada məşhurlaşıb. Bu məşhurlaşma ölkəyə turist axınını artırmaq üçün böyük təkan rolunu oynayır. Xüsusən gənc nəsildən olan turistlərin Azərbaycana gəlməsi ölkəmizlə bağlı informasiyanın dünya miqyasında yayılması deməkdir.

Müzəffər Ağakərimov

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov

"Sözügedən tədbirlə əlaqəli ölkəmizə gələn qonaqlar bütün bu şəraiti bir daha öz gözləri ilə görəcəklər".

Turizmin inkişafı təkcə iqtisadi əhəmiyyət danışımır, bu həm də bir təbliğat-təşviqat kampaniyasıdır. Azərbaycana gələn turistlər buradakı stabilliyin şahidi olurlar. Bu cür stabilliyə hər yerdə rast gəlmək mümkün deyil. Turistlər sabitliyin hökm sürdüyü, insanlarının gülərüz, qonaqpərvər, mədəniyyətinin yüksək, mətbəxinin rəngarəng olduğu ölkələrə üstünlük verirlər". 

"Ölkəmizdəki stabillik, paytaxtda və regionlarda yaradılmış turizm infrastrukturu, müxtəlif olimpiya komlekslərinin inşası, muzeylərin, qoruqların yaradılması, ekskursiyaların təşkil edilməsi, bütün bunlar turizm sektorunu dirçəltməklə ölkə iqtisadiyyatının inkişafı baxımından çox müsbət haldır. Sözügedən tədbirlə əlaqəli ölkəmizə gələn qonaqlar bütün bu şəraiti bir daha öz gözləri ilə görəcəklər. Bizim borcumuz onları yüksək səviyyədə qarşılamaq və yola salmaqdır. Çünki onlar burada gördüklərini gedib öz ölkələrində danışacaqlar. Bir sözlə, bu kimi beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi çox təqdirəlayiq hadisədir. Düşünürəm ki, turizm əlaqələrinin genişliyinə görə Azərbaycan bütün Qafqazda birinci yerdə olacaq", - ekspert əlavə edib.

Milli Məclisin deputatı Tahir Mirkişili də bu cür beynəlxalq yarışların ölkəmizin bugünkü və gələcək iqtisadi maraqlarına xidmət etdiyini vurğulayıb. 

Millət vəkili hesab edir ki, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün hazır infrastrukturun olması əlavə böyük xərclər çəkmədən ölkəmizin bu cür yarışlardan birbaşa və dolayısı gəlir əldə etməsinə imkan yaradır:

Tahir Mirkişili

Milli Məclisin deputatı Tahir Mirkişili

"Bu, eyni zamanda qeyri-neft sektorunda xarici investorlarda ölkəmizə olan marağı və etimadı artırır”.

"Yarışlar zamanı iştirakçıların və turistlərin ölkəmizin xidmət sektoruna verdiyi iqtisadi fayda ilə yanaşı, Azərbaycanın beynəlxalq arenada daha çox təbliğ olunması ölkəmizə turist axınını gücləndirir. Bu eyni zamanda qeyri-neft sektorunda xarici investorlarda ölkəmizə olan marağı və etimadı artırır. Müasir iqtisadiyyat ideya, təbliğat, etimad, informasiya və insan kapitalı üzərində qurulduğundan bu cür beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizin bu günkü və gələcək iqtisadi maraqlarına xidmət edir”.

İdman şərhçisi Rövşən Binnətliyə görə Bakı festivalı yarışın özünün tarixində xüsusi yer tutacaq:

“Təkcə idman yarışlarının deyil, digər beynəlxalq nüfuzlu turnirlərin təşkilində də Azərbaycan öncül mövqelərdədir. Ölkəmiz bu cəhətdən özünü dəfələrlə təsdiqləyib, daha irimiqyaslı yarışları ən yüksək səviyyədə, hətta nümunəvi təşkil edib. Ona görə də zənnimcə, Bakı festivalı daha çox yarışın özünün tarixində xüsusi yer tutacaq".

Rövşən Binnətli

İdman şərhçisi Rövşən Binnətli

"Müşahidələr göstərir ki, hər belə beynəlxalq tədbirdən sonra idman bölmələrinə üz tutanların sayı kəskin şəkildə artır".

Şərhçinin sözlərinə görə, hər beynəlxalq yarış, ilk növbədə, idmanın təbliği mənasında əhəmiyyətlidir: "Adından göründüyü kimi, Avropa Gənclərinin Olimpiya Festivalı aşağı yaş qrupundan olanları daha çox maraqlandıracaq, onlarda peşəkar idmançı olmaq istəyini gücləndirəcək. Təşkilatçı ölkənin başlıca qazancı uşaq və yeniyetmə vətəndaşların yarışı birbaşa arenalarda izləmək imkanına malik olmasıdır. Müşahidələr göstərir ki, hər belə beynəlxalq tədbirdən sonra idman bölmələrinə üz tutanların sayı kəskin şəkildə artır.

Festivalda gənc idmançılarımızın layiqli çıxış edəcəyi şübhəsizdir. Onlar üçün əsas olan isə beynəlxalq yarış təcrübəsi toplamalarıdır. Bu, olduqca vacib və mühüm məqamdır. Unutmayaq ki, bugünkü gənc atletlər yaxın gələcəyin olimpiyaçılarıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi