ACF cüdo millisinin keçmiş köməkçi-məşqçisi ilə bağlı bəyanat yayıb

ACF cüdo millisinin keçmiş köməkçi-məşqçisi ilə bağlı bəyanat yayıb "Onun belə açıqlaması bütün komandada, xüsusən də şəxsi tələbələrində neqativ ab-hava yaradır"
Fərdi
4 İyun , 2018 18:47
ACF cüdo millisinin keçmiş köməkçi-məşqçisi ilə bağlı bəyanat yayıb

Bakı. 4 iyun. REPORT.AZ/ "Kişilərdən ibarət milli komandanın baş məşqçisinin keçmiş köməkçisi Fərhad Məmmədovla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir".

Bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a daxil olan bəyanatda bildirilir.

Rəsmi açıqlamada qeyd olunur ki, F.Məmmədovun yerinə təyin olunan yeni köməkçi-məşqçi əcnəbi mütəxəssis deyil, cüdo üzrə yeganə dünya çempionu Elxan Məmmədovdur. Baş məşqçi Ruslan Maşurenkonun digər köməkçiləri də yerli mütəxəssislərdir: ilk olimpiya çempionu Nazim Hüseynov, eləcə də Mehman Əzizov və Azər Şıxəliyev.

F.Məmmədova gəlincə, ACF xatırladır ki, 2015-ci ilin sentyabrında federasiyaya yeni rəhbərlik seçiləndə, o, gənclərdən ibarət milli komandanın məşqçisi olub: "Millimizin aparıcı cüdoçularının təklifi ilə avstriyalı mütəxəssis Peter Zayzenbaxer kişilərdən ibarət yığmaya baş məşqçi gətiriləndə, məhz indiki rəhbərliyin təşəbbüsü ilə Fərhad Məmmədov onun köməkçisi təyin edilib. Avstriyalı məşqçi ilə də bəzi məqamlarda fikir ayrılığına gələn Məmmədov bir-neçə dəfə Zayzenbaxer tərəfindən məşqlərdən kənarlaşdırılıb və yığma komandadan göndərilmə məsələsi gündəmə gətirilib. Həmin vaxt məhz federasiya rəhbərliyinin təkidi ilə o, yenidən işinə qaytarılıb və bu barədə heç bir yerə məlumat verilməyib. Məlum səbəblərə görə Zayzenbahexin gedişindən sonra yeni baş məşqçi təyin olunanadək bu post Məmmədova həvalə edilib. Ötən dövrün hazırlıq bünövrəsi 2017-ci ildə Avropa və dünya çempionatlarında effekt verib tükəndikdən sonra Məmmədovun özü əcnəbi baş məşqçinin gətirilməsinin zəruriliyini rəhbərliyə bildirib. Ukraynalı mütəxəssis milliyə baş məşqçi təyin edildikdən sonra o və digər yerli məşqçilər köməkçi-məşqçi kimi işlərini davam etdiriblər. Bütün bunları sadalamaqda məqsədimiz ACF-nin yerli mütəxəssislərə önəm verməsini göstərməkdir. Hazırda Federasiyada 45-i regionlarda olmaqla, ümumilikdə 110 məşqçi fəaliyyət göstərir. Yeniyetmələr, gənclər və qadınlardan ibarət Milli komandaların bütün məşqçi heyəti yerli mütəxəssislərdir".

Bəyanatda deyilir ki, F.Məmmədovun Azərbaycan millisinin Bakıda keçiriləcək dünya çempionatına hazırlıq prosesinin gərgin dövrə qədəm qoyduğu bir vaxtda mətbuatdakı açıqlamaları mənfi qarşılanıb: "Dünya çempionatına hazırlıq sürətlə davam edir. Göygöldə 20 gün ərzində Fransa və Türkiyə milliləri ilə birgə məhsuldar təlim-məşq toplanışından sonra hazırda yığmamız hazırlıq prosesini Koreyada, daha sonra isə Yaponiyada beynəlxalq formatda davam etdirəcək. Məhz belə bir dönəmdə Məmmədovun mətbuata bu cür açıqlaması bütün komandada, xüsusən də onun şəxsi tələbələrində neqativ abu-hava yaradır".

Mövlud Mirəliyevin istefası ilə bağlı xəbərə gəldikdə, ACF onun 2017-ci ilin noyabrında öz xahişi ilə millidəki vəzifəsini tərk etdiyini vurğulayıb: "Mirəliyev Göygöl Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır və Federasiyanın da qərb zonası üzrə rəsmi nümayəndəsidir".

Son xəbərlər

Orphus sistemi