Xəzər Dəniz Gəmiçiliyi daha 6 yeni gəmini kənar sularda istismara verir

Xəzər Dəniz Gəmiçiliyi daha 6 yeni gəmini kənar sularda istismara verir Bununla da, Xəzərdənkənar hövzələrdə işləyən gəmilərin sayı 11-ə çatacaq
İnfrastruktur
4 May , 2016 10:54
Xəzər Dəniz Gəmiçiliyi daha 6 yeni gəmini kənar sularda istismara verir

Bakı. 4 may. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də keçirilən toplantıda 2015-ci ilin yekunlarına dair hesabat dinlənilib. Ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Gəmiçiliyin sədri Rauf Vəliyev hesabat məruzəsi ilə çıxış edib. Qurumdan "Report"a daxil olan xəbərə görə, R.Vəliyev bildirib ki, bütövlükdə nəqliyyat sahəsi qarşısında qoyulan ən mühüm vəzifələrdən biri Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanlarının genişləndirilməsi, tranzit yükdaşımalarda əlverişli şəraitin yaradılması ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsi və regionda böyük nəqliyyat qovşağına çevrilməsidir.

R.Vəliyev məlumat verib ki, maliyyə hesabatlarının hazırlanması üzrə beynəlxalq standartlara uyğun qaydada, Gəmiçilikdə SAP sisteminin maliyyə, insan resurslarının idarə olunması, maddi qiymətlilərinin idarə olunması, xidmətlərin alışı və satışı, maya dəyərinin formalaşması, xəzinədarlıq və büdcə nəzarəti modulları tətbiq edilib, Mərkəzi Dispetçer Sistemi, Elektron Təchizat Sistemi, vahid korporativ şəbəkə yaradılıb. Eyni zamanda, gəmilərin sahillə rabitəsinin optimallaşdırılması üçün tədbirlər görülüb, dəniz üzgüçülüyünün təhlükəsizliyi məqsədilə gəmilər elektron xəritələrlə təchiz olunub.

Gəmiçiliyin sədri beynəlxalq miqyasda tanınmış şirkətlərlə əməkdaşlığa da toxunub. Bildirib ki, “American Appraisal” şirkəti AXDG-nin əsas vəsaitlərinin qiymətləndirilməsini aparıb, KSƏTƏMM (keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) idarəetmə sistemi Amerika Gəmiçilik Bürosu (ABS) tərəfindən audit olunub, nəticədə Gəmiçiliyə İSO:9001, İSO:14001, OHSAS:18001 və İSO:50001 üzrə 5 illik sertifikatlar, Azərbaycan Dövlət Dəniz Akademiyasına isə keyfiyyətin idarə edilməsi sistemi (İSO:9001:2008) üzrə 3 illik sertifikat təqdim olunub.

“Ernst & Young” şirkəti beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatları və "Davamlı inkişaf haqqında" hesabatın auditini keçirib, “Fitch Rating” şirkəti ilə Gəmiçiliyə kredit reytinqinin alınması üçün müqavilə bağlanıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti son bir ildə xeyli genişlənib, avqust-sentyabr aylarında 3 quru yük gəmisi Qara dəniz-Aralıq dənizi hövzəsində istismara cəlb edilib. Yaxın zamanlarda isə AXDG tərəfindən alınmış daha 6 gəminin Xəzərdən kənarda istismara verilməsi planlaşdırılır. Bununla da, Xəzərdənkənar hövzələrdə işləyən gəmilərin sayı 11-ə çatacaq.

Donanmanın yenilənməsi istiqamətində görülən işlərin davamı olaraq, Bakı Gəmiqayırma Zavoduna sifariş edilmiş 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin inşası tamamlanaraq, bu ilin aprelində istismara verilib.

Hesabat ilində Rusiyanın Həştərxan şəhərində AXDG-nin nümayəndəliyi açılıb. Bundan başqa, 2015-ci ildə əsaslı təmir olunan gəmilərin sayı əvvəlki illə müqayisədə 122% artıb, Zığ Gəmi Təmiri Zavodunda 130 metrlik yanalma körpüsünün inşaat işləri sona çatdırılıb, sahəsi 580 kv.m olan yeni yeməkxana və işçilər üçün 200 nəfərlik yüngül konustruksiyalı xidməti bina tikilib istifadəyə verilib.

Ötən il AXDG üzrə orta aylıq əmək haqqı 2014-cü ilə nisbətən 15% artaraq 749 manat, üzücü heyət üzrə isə 835 manat təşkil edib. Ərzaq təchizatı sistemi yenidən qurulub, tədarük olunan malların çeşidləri 5 dəfə artıb, üzücü heyət üzrə gündəlik ərzaq norması 1 nəfər üçün 5 manatdan 7 manata qaldırılıb, xidmətin və ərzaqların keyfiyyəti barədə rəy və təkliflərin, eləcə də hər hansı şikayətin vaxtında araşdırılması məqsədilə qaynar xətt yaradılıb. Ötən il mayın 1-dən bütün işçilərə Mərkəzi Dənizçilər Xəstəxanasında pulsuz tibbi xidmət göstərilməsi təmin edilib. 

Son xəbərlər

Orphus sistemi