Yuxarı

Türkiyə mənzillərin qiymət artımına görə Avropada liderdir

Mənzil bazarında qiymət dəyişikliyinə görə ölkələrin reytinqi açıqlanıb

Bakı. 30 iyun. REPORT.AZ/ "Knigt Frank" konsaltinq şirkətinin açıqladığı "Global House Price İndex" hesabatına əsasən, mənzillərin qiymət indeksində dəyişikliyə görə 56 ölkənin yer aldığı reytinqdə Honq Konq birinci yeri tutub. Bu ölkədə 2015-ci ilin ilk rübündə mənzillərin qiymət artımı ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% olub.

Sənədə görə, siyahıda ikinci yerdə qərarlaşan Türkiyə Avropada ən çox artım müşahidə olunan ölkə kimi qeydə alınıb. Belə ki, hesabat dövründə Türkiyədə artım 18,6% təşkil edib. İrlandiya isə illik 16,8% artımla siyahıda üçüncü olub.

Bildirək ki, reytinqdə ilk onluqda həmçinin Lüksemburq (12,1%), Estoniya (11,0%), Kolumbiya (9,5%), Yeni Zelandiya (9,5%), İslandiya (9,4%), İsveç (8,8%), Norveç (7,2%) qərarlaşıb.

Reytinqdə sonuncu olan Ukraynada isə illik 15,5% qiymət azalması qeydə alınıb. Hazırda defolt təhükəsi ilə üzləşən Yunanıstanda isə azalma 6,1% təşkil edib ki, bununla da Yunanıstan siyahıda 52-ci yeri tutub.

Hesabat dövlətlərin açıqladığı rəsmi statistik rəqəmlər əsasında hazırlanıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, Azərbaycanda mənzil bazarında qiymət indeksi 2015-ci ilin I rübündə 2014-cü ilin IV rübü ilə müqayisədə 3%, I rübünə nisbətən isə 10,0% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi