Yuxarı

​Şamaxıda 200 vətəndaş "Kütləvi çıxarış” kampaniyasından yararlanıb

Kampaniya yeni formatda son iki ayda Zaqatala və Beyləqanda da keçirilib

Bakı. 15 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin “kütləvi çıxarış” kampaniyası yeni formatda bu dəfə Şamaxı rayonunda davam etdirilib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Kampaniya çərçivəsində rayon və şəhərlərdə, uzaq kənd və qəsəbələrdə rahat və çevik şəkildə vətəndaşlara daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim olunur və qeydiyyatla bağlı ilkin sənədlər qəbul edilir.

Bu dəfə keçirilən kampaniyada rayonun bir sıra fiziki məhdudiyyətli vətəndaşları birbaşa öz evlərindəcə kampaniyadan faydalanıblar. Belə ki, Komitənin mobil ofisləri (xüsusi nəqliyyat vasitələri) onların ünvanına gedib, qeydiyyatla bağlı ilkin sənədlər birbaşa evlərdə yoxlanılaraq qəbul edilib. Eyni zamanda, dövlət reyestrindən çıxarışlar bu təbəqədən olan vətəndaşlara elə onların mənzillərində təqdim olunub.

Şamaxı rayonunda kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 100-ə yaxın vətəndaşdan əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət hüququnu təsdiq edən sənədlər də çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.

Kampaniya yeni formatda son iki ayda Zaqatala və Beyləqanda da keçirilib. İndiyədək bu aksiya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki, Göygöl, Masallı da keçirilib. Kampaniyadan bu günədək ümumilikdə 3 300-ə yaxın vətəndaş faydalana bilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi